Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, daha sonra Naxçıvan ərazisində “İlandağ” geoparkının yaradılması haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı işçi qrup yaradılıb. Cari ildə işçi qrupun gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

 

Daha sonra Bölmə sədri “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri ilə bağlı AMEA Rəyasət Heyətinin qərarını xatırladıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə hazırlanacaq nəşrin Redaksiya heyəti, müəlliflər heyəti və plan-prospektini iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra Bölmənin yarımillik hesabatının hazırlanması ilə bağlı Elm və təhsil şöbəsinin əməkdaşı Leyla Səfərova çıxış edib.

 

Sonda bir sıra cari məsələlər müzakirə olunub.