Azərbaycan Respublikası Təhsil Nazirinin  28 avqust 2017-ci il tarixli 216 nömrəli əmri ilə 2017-2018-ci tədris ili  “Ümumi təhsildə keyfiyyət ili” elan olunub. İl cərivəsində ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə də müxtəlif layihələr, olimpiada və müsabiqələr keçirilib.

 

“Təhsildə keyfiyyət ili “çərçivəsində təşkil edilən pedadoji mühazirə müsabiqəsində məktəbimizin ibtidai sinif müəllimi İradə Behbudovanın yazdığı “Şagirdin yaradıcı təfəkkürünün və tədqiqatçılıq  qabiliyyətinin inkişaf etdirilməsi” mövzusundakı işi şəhər turunda qalıb olaraq, respublika turuna göndərilib.

 

Respublika fənn olimpiadalarında  məktəbimizin XI sinif şagirdi Sona Abdullayeva tarix, X sinif şagirdi Teymur Həsənli isə informatika fənlərindən III yeri tutaraq bürünc medala layiq görülüblər.

 

Qeyd etmək lazımdır ki, təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi təkcə 2017-2018-tədris ilində deyil, müstəqillik əldə etdiyimiz dövrdən, xüsusən də 1993-cü ildə ulu öndər  Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən dövlətin diqqət mərkəzindədir. Müəllimlərin və təhsilalanların inkişafı dövlət siyasətinin ayrılmaz hissəsini təşkil edir. Biz də bir təhsil müəssisəsi olaraq hər zaman yeniliklərə adaptasiya olub, inkişafla ayaqlaşmağa çalışırıq.

 

2018-ci ilin ötən ayları ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olub. Prezident seçkisini uğurla başa vurub layiqli liderini seçən xalqımız ulu öndərin və Zərifə xanım Əliyevanın  95 illik yubileylərini də böyük təntənə ilə qeyd edib və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlaşır.

 

Məktəbimizdə bu istiqamətdə aprel və may aylarını əhatə edən xüsusi plan hazırlayaraq həyata keçirmişik. Belə ki, plana əsasən aprelin 1-dən 10-dək “Ulu öndər və Azərbaycan” mövzusunda X-XI siniflər arasında inşa müsabiqəsi keçirmişik. 10c sinif şagirdi Selcan Vəliyeva I yerə layiq  görülüb. 5 şagirdimiz isə həvəsləndirici yerə sahib çıxıb.

 

Sonra “Ulu öndər və Azərbaycan” mövzusunda VIII-IX  siniflər arasında şeir müsabiqəsi keçirdik. Bu müsabiqədə 9a sinif şagirdi Nigar Baxışova və 9b sinif şagirdi Namiq Abbaslı qalib gəldilər, digər 5 şagird isə həvəsləndirici yerlərə layiq gorüldü.

 

Aprelin 20-dən 25-nə qədər isə eyni adlı rəsm müsabiqəsi təşkil etdik və 9b sinif şagirdi Səbinə Məmmədli ulu öndərin portretini yüksək səviyyədə təsvir etdiyi üçün I yeri qazandı.

 

Aprelin 28-də oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi məktəbin ibtidai sinif müəllimi Aygün  Cabbarovanın   rəhbərliyi ilə 3ç sinfinin təqdimatında  orijinal formada qeyd olundu.

 

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş silsilə tədbirlərə yekun olaraq mayın 7-də şəhərimizdə yerləşən Heydər Əliyev adına mərkəzdə “Xalqa bağışlanan ömür” adlı tədbir baş tutdu. Tədbir məktəbimizin ibtidai sinif müəllimi İradə Behbudovanın təşkilatçılığı ilə 2d sinif şagirdlərinin təqdimatında reallaşdı.

 

Şagirdlər ulu öndərin həyatı, təhsili, fəaliyyəti haqqında geniş məlumatlar verməklə yanaşı ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini həm çıxışları, həm də hazırladıqları videoçarxların nümayişi  vasitəsi ilə diqqətə çatdırdılar. Onlar ulu öndərin elm və təhsillə yanaşı incəsənətə də diqqət və qayğısından söz açaraq müxtəlif milli kino və rəqs nümunələrimizi reallaşdırdılar, mahnılar ifa edib, şeirlər səsləndirdilər.

 

Tədbirdə məktəb direktorları, təhsil işçiləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi. Tədbirin sonunda məktəbimizdə aparılan silsilə proqramın müxtəlif nominasiyalarda qalibləri fəxri fərmanlarla təltif olundu. Eyni zamanda ulu öndərin və akademik Zərifə xanım Əliyevanın 95 illik yubiley tədbirlərini təşkil edən 3ç və  2d sinif şagirdləri də mükafatlandırıldı, müəllimlərə fəxri fərmanlar verildi.

 

Biz dövlətimizin  təhsilimizə, şəhərimizə, məktəbimizə olan diqqət və qayğısını hər zaman hiss edirik. Məktəbimizin iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi”  müsabiqəsinin qalibi olması, şagirdlərimizin olimpiadanın respublika turunda hər zaman yüksək yer tutması, müəllimlərimizin “Ən yaxşı müəllim” müsabiqəsində yer alması, “Tərəqqi” medalı ilə mükafatlandırılması buna əyani sübutdur.

 

Bu tədris ili məktəbimiz üçün başqa bir hadısə ilə də yadda qalacaq. Belə ki, 1971-ci ildə inşa olunan məktəbimizin əsaslı təmirinə qərar verilib. Hazırda dam örtüyü dəyişdirilir, 4 mərtəbəli yardımçı bina inşa olunur.

 

Məktəbimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına müəllim-şagird-valideynlər adından dərin təşəkkürümüzü bildirirəm. İnanırıq ki, hər zaman yüksək nəticə əldə edən kollektivimiz bu qayğıdan ilham alaraq daha səylə çalışacaq, daha böyük uğurlara imza atacaq.

 

Vladim İBRAHİMOV,

Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin direktoru