26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.
MDU əməkdaşlarından şəhid ailəsi üzvü olan Flora Namazova, Kamella Həsənova, eləcə də Qarabağ savaşı iştirakçıları olan ikinci qrup əlil Şahsuvar Heydərov, müharibə veteranı Mehman Baxışovla görüşən HİK üzvləri onları Silahlı Qüvvələr Günü münasibətilə universitetin rektoru Şahin Bayramov və bütün kollektivin adından təbrik ediblər.
Mövcud karantin dövrünün tələblərinə riayət edilməklə keçirilən görüşlərdə Azərbaycanın suverenliyi uğrunda həyatlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anınması diqqətə çatdırılıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan razılıq bildirilib.
Azərbaycan silahlı qüvvələrinin davamlı şəkildə güclənməsinin vurğulandığı görüşlərdə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə edilib.