Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Microsoft Teams platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və onların valideynləri iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov “Açıq qapı” gününün iştirakçılarına karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, online imtahan sessiyasının gedişatı, ilk dəfə olaraq məsafədən keçirilən magistrlik dissertasiyalarının müdafiəsi prosesi, növbəti həftə təşkil olunacaq “Məzun günü” və MDU məzunlarının universitetdə işlə təmin olunması imkanları barədə danışıb.
Görüşdə çıxış edən tələbələr və onların valideynləri yaz imtahan sessiyasının təşkili, apelyasiya imkanları və tətbiq olunan güzəştlərdən razılıqlarını ifadə ediblər. Rektor imtahan nəticələrinin qiymətləndirilməsi, təkrar imtahanlarda iştirak, təhsil haqqı və digər məsələlərə dair sualları cavablandırıb. Görüşdə bir neçə konkret məsələ üzrə müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, bu, MDU-da iyun ayı ərzində keçirilən sayca dördüncü “Açıq qapı” günüdür.