Naxçıvan Dövlət Universitetinin (NDU) təşəbbüsü ilə “Clarivate Analytics” təhsil şirkətinin Təhsil proqramları şöbəsinin rəhbəri Valentin Bogorov beynəlxalq nüfuzlu jurnallara çıxış əldə olunması və effektiv istifadə qaydalarına dair vebinar təlim keçib.
NDU-nun rektoru Elbrus İsayev universitetdə ali təhsilin davamlı inkişafına nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, universitetdə elmi dərəcəlilərin sayı 179 nəfərdir. Onlardan 22 nəfəri elmlər doktoru, 157 nəfəri fəlsəfə doktorudur. Universitetin 3 əməkdaşı isə AMEA-nın müxbir üzvüdür.
Bildirilib ki, universitet 43 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. 2016-2020-ci illər üçün universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən, texnika, riyaziyyat, fizika, biologiya, coğrafiya, tibb, fəlsəfə, tarix, iqtisad, siyasət, hüquq, pedaqogika, filologiya, sənətşünaslıq, şəhərsalma və memarlıq elmi istiqamətləri üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin 60%-i muxtar respublika ilə bağlı olub.
Rektor qeyd edib ki, son 10 ildə universitet əməkdaşlarının 193 monoqrafiyası, 44 dərsliyi, 335 dərs vəsaiti, 522 metodik vəsait və proqramı, 8200 elmi məqaləsi və 1061 tezisi çap olunub. Elmi məqalələrdən 1135-i, tezislərdən isə 335-i xaricdə dərc olunub. Xaricdə dərc olunmuş məqalələrdən 80-i isə “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) yüksək impakt faktorlu jurnallarda dərc edilib. Elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi- tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi isə gələcək perspektiv kimi diqqətə çatdırılıb. E.İsayev universitetin “Elmi əsərlər” jurnalının “Web Of Sciense” də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib.
“Clarivate Analytics” təşkilatının Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Səfərova təlimin məqsədindən danışıb, gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
“Müasir elmi-tədqiqatçılar üçün informasiya vasitələri” mövzusunda danışan “Clarivate Analytics” təşkilatının Təhsil proqramları şöbəsinin rəhbəri Valentin Bogorov qeyd edib ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb və hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib.
Vurğulanıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin, təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science” bazasında indeksləşdirilmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb. 2018-ci ildə isə lider olub.
Şirkət təmsilçisi qeyd edib ki, “Clarivate Analytics” şirkəti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qəbul edilmiş qərar, həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planı Azərbaycanda elmin inkişafına böyük təkan verəcək.
Sonra V.Bogorov “Web of Science” bazasından istifadə qaydaları, bu şəbəkənin məlumat bazasında yerləşən elmi məqalələr, onlardan istifadə yolları, elmi nəşrlər barədə slaydlar vasitəsilə ətraflı çıxış edib.
Sonda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Nахçıvаn Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva mövzu ətrafında çıxış ediblər.