Məktəbdənkənar fəaliyyət üzrə "Mənim milli adət-ənənələrim" beynəlxalq onlayn rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 may-15 iyun tarixlərində keçirilib.
3 yaş qrupu üzrə (6-9,10-13,14-17) keçirilən müsabiqədə Azərbaycan və digər ölkələrdən olan məktəblilər iştirak ediblər. Onlayn beynəlxalq müsabiqəyə Türkiyə, Rusiya, Qazaxıstan, Portuqaliya, Gürcüstan, Qırğızıstan, İtaliya, Bolqarıstan və Azərbaycandan 371 rəsm işi təqdim edilib.
Müsabiqənin münsiflər heyətinin tərkibində əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev, Xalq rəssamı, professor Ağəli İbrahimov və Xalq rəssamı, professor Arif Hüseynov təmsil olunub. Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri müəyyən edilib. Müsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.