Mingəçevir Dövlət Universitetinin (MDU) üç tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində “Erasmus+” mübadilə proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində təhsil alır. Hazırda İspaniyada olan tələbələr qlobal pandemiya dövrünə təsadüf edən xaricdə təhsil təcrübələrinə dair təəssüratlarını bölüşüblər.

 

MDU-nun tələbəsi Aida Qurbanova: “Bildirmək istəyirəm ki, karantin müddətində dərslərə onlayn şəkildə davam etdim və pandemiya dövrü ərzində "Evdə qal, sağlam qal" prinsipinə uyğun olaraq çölə çıxmadım. Ərzaq və yemək almaq üçün onlayn sifariş mövcud olduğundan yaşadığım yeri tərk etmirəm. Mağaza, idman zalları, restoranlar və digər xidmət müəssisələrinin fəaliyyətinə sərt təhlükəsizlik qaydalarına riayət etmək şərtilə icazə verilir. Birmənalı olaraq, tibbi maskadan istifadə edirəm və sosial məsafə saxlayıram. Hazırda online formada təşkil olunan imtahanlarda iştirak edirəm. İmtahanların hamısını uğurla başa vuracağıma inanıram. Karantin şərtləri ciddi məhdudiyyətlər yaratsa da, İspaniyada olduğum müddətdə universitetimizi  və doğma Azərbaycanımızı layiqincə təmsil etməyə çalışıram”.

 

Ülvi Aşurov: “Şadam ki, Mingəçevir Dövlət Universitetinin tələbəsi olaraq “Erasmus+” mübadilə proqramından faydalanmaqla İspaniya Krallığının Valladolid Universitetində bir semestrlik təhsil almaq imkanı qazanmışam. Bu imkana görə universitetin rəhbərliyinə təşəkkürümü bildirirəm. Bura gəlməzdən öncə, İspaniyada təhsil alacağım dövrdə Avropanın bir neçə ölkəsini səyahət etməyi düşünürdüm. COVID-19 pandemiyası səbəbindən bu istəyimi reallaşdıra bilmədim və dörd aydır ki, karantin şəraitində yaşayıram. Online formada keçirilən dərslər həyatımda ilk təcrübə oldu. Hazırda online imtahanlardan müvəffəq nəticələr əldə etməyə çalışıram. İspaniyada təhsil müddətində müxtəlif ölkələrdən olan və fərqli mədəniyyətləri təmsil edən çoxsaylı dostlar qazandım”.

 

Zaur Məmmədov: “2020-ci ilin fevral ayının əvvəllərindən etibarən Valladolid Universitetində təhsil alıram. Xaricə getmək və Avropada təhsil almaq uşaqlıq arzum idi. Sevinirəm ki, bu arzumun yerinə yetirilməsinə tələbəsi olduğum universitet şərait yaratmış oldu. Avropa İttifaqının “Erasmus+” proqramının bir tərkib hissəsinə çevrilmək və MDU-nu İspaniyada təmsil etmək qürurvericidir. Mövcud pandemiyanın çox kəskin olduğu ölkələrdən birində təhsil almaq asan olmasa da, yaxşı təcrübə qazanmaq baxımından önəmlidir. Hamımız üçün fərqli şərtlər çərçivəsində reallaşdırılan bu semestri uğurla başa çatdırıb doğma universitetimizə qayıtmağı gözləyirəm.”