İsmayıl Məlikov: “Ölkəmi layiqincə təmsil etməkdən fəxr duyuram”
Yəqin mənimlə razılaşarsınız ki, bugünkü gəncliyimiz cəmiyyətin bütün sahələrində uğurlu fəaliyyəti ilə sözün yaxşı mənasında özünü təsdiq etməkdədir. Və xüsusilə yaradıcı gənclərin xoş sorağının dünyanın müxtəlif festivallarından, nüfuzlu tədbirlərindən gəlməsi olduqca qürurvericidir. Bəli, Azərbaycan gəncliyi istər yüksək təhsili və intellekti, istərsə də yaradıcılığı, kreativ düşüncəsi, bacarığı ilə digər ölkələrin gənclərindən heç də geri qalmır,bəlkə də artıq onları üstələməkdədir desək, məncə yanılmarıq. Qazanılan uğurların, əldə olunan nailiyyətlərin sayı isə çoxalmaqdadır. Çəkdiyi filmi ilə ABŞ-da təşkil olunan festivalda uğur qazanan İsmayıl Məlikov da son günlər adından söz etdirən belə istedadlı gənclərimizdən biridir.
Belə ki, Amerika Birləşmiş Ştatlarının Florida ştatında keçirilmiş 3-cü Cənub-Şərq Regional Film Festivalında həmyerlimiz İsmayıl Məlikovun çəkdiyi “UP” (“Yüksəkdən”) adlı qısametrajlı film “Ən yaxşı eksperimental film və virtual reallıq” nominasiyası üzrə qalib elan olunub.
Məktəb illərindən rəsmə, vizual effektlərə və rəqəmsal incəsənətə xüsusi həvəs göstərib
İsmayılı yaxından tanıdıqca, əslində onun gələcəyinin parlaq olacağını sezmək o qədər də çətin deyil. 132-134 nömrəli Təhsil Kompleksinin məzunudur. Orta məktəbdə təhsil aldığı müddətdə bilikli, hərtərəfli dünyagörüşünə malik bir yeniyetmə kimi tanınıb. Oxuduğu təhsil müəssisəsində hər zaman fərqlənən, keçirilən tədbirlərdə, ictimai işlərdə fəallığı ilə seçilən şagirdlərdən sayılıb.Orta təhsilini “əla” qiymətlərlə başa vurub. Ən sevdiyi fənlər coğrafiya, riyaziyyat, rus və ingilis dilləri olub. Atası ixtisasca İT mütəxəssisi olduğundan lap kiçik yaşlarından onda kömpüterə böyük maraq yaranıb. Məktəb illərindən rəsmə, vizual effektlərə və rəqəmsal incəsənətə xüsusi həvəs göstərib.Təsadüfi deyil ki, hələ şagird ikən bəzi əsərləri xarici və yerli sərgilərdə yer almış, həmçinin ailəsi və dostları üçün musiqili kliplər və qısa filmlər də çəkmişdir.
İsmayıl məktəb illərini özünün ən gözəl və xoş xatirələrlə zəngin bir dövrü adlandırır: “Bu illərdə peşəkar müəllimlərimdən çox şey öyrəndim, maraq göstərdiyim sahələrdə bilik və bacarıqlarımı inkişaf etdirdim və gözəl dostlar qazandım”.
Hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olan gənc məhz ali məktəbdəki təhsilin səviyyəsinin, buradakı təhsil mühitinin onu qane etdiyini söyləyir.
“UP” filminin planetemizin müxtəlif yerlərindən tamaşaçı rəğbətini qazanması məni qürurlandırır
İqtisadiyyat üzrə təhsil alsa da İsmayılı kinematoqrafiya hər zaman özünə cəlb edib. Xüsusilə rəqəmsal texnologiyanın ən son imkanlarından istifadə etməklə müasir dünya kinosunun tələblərinə cavab verə biləcək filmlərin hazırlanması onu daha çox maraqlandırır. Məhz bu baxımdan özünü film çəkmək sahəsində sınamaq qərarına gəlir.
İsmayılı altı dəqiqə yarımlıq “UP” (“Yüksəkdən”) filmin yaradılmasına isə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA-nın kitabxanasında toplanılıb və Yer kürəsinin real peyk görüntülərini əks etdirən materiallar həvəsləndirib: “Düşündüm ki, 3D proqramlarından və bu sahədə əvvəllər tətbiq olunmamış üsullardan istifadə etsəm, orijinal bir film alına bilər. Qeyd edim ki, əvvəllər belə layihə heç yerdə olmayıb. Özümü sınamaq istədim.Təbiət görünüşü, mənzərələri üzərində eksperimentlərə başladım, rəqəmsal texnologiyaların daha mürəkkəb səviyyədə inteqrasiyasını təmin etməyi qarşıma məqsəd qoydum. Adi görünən yerlərə qeyri-adi bir baxışla nəzər salmaq istədim”.
Gənc azərbaycanlı rejissor qeyd etdiyi kimi, müasir rəqəmsal texnologiyalardan və yeni metodlardan istifadə etməklə landşaft çəkilişləri üzərində eksperimentlər apararaq planetimizin kosmosdan bənzərsiz və cəzbedici mənzərələrini daha maraqlı, özünəməxsus tərzdə nümayiş etdirməyə nail olub. Belə bir tərzdə film çəkməkdə əsas məqsədlərindən biri də məhz insanları yaradıcı fəaliyyətə ruhlandırmaq, filmlərin çəkilişində qeyri-standart forma və modellərin axtarışına sövq etmək, eksperimental kino sənayesinin inkişafına dəstək verməkdir.
Film üzərində işlərini başa çatdırdıqdan sonra onu internet-platformaya yerləşdirib. Dostlarının məsləhəti ilə, həmçinin xaricdən daxil olan rəylərlə tanış olduqdan sonra filmi bəzi festivallara göndərib.
Onu da bildirək ki, İsmayıl Məlikov filmin rejissoru olmaqla yanaşı, həm prodüseri, eyni zamanda, xüsusi effektlər üzrə rəssamıdır. Ekran əsərində Litvadan olan bəstəkar Martinas Launun razılığı ilə onun “Eterniy” (“Sonsuzluq”) kompozisiyasından istifadə edilib.
İsmayılın sözlərinə görə, bu səpgidə film hazırlamaqla həm də virtual reallıq sənayesinə bir yenilik gətiriməyi düşünüb. Film üzərində işləyərkən yeni bacarıqlara yiyələnməklə bərabər, böyük təcrübə əldə edib.
Festivala təqdim olunan filmlər tanınmış mütəxəssislər tərəfindən baxılaraq hərtərəfli təhlil olunub. Nəticədə münsiflər heyətinin qərarı ilə İsmayıl Məlikovun çəkdiyi “UP” qısametrajlı filmi qalib elan olunub.
On yeddi yaşlı İsmayılın “UP” filmi bütövlükdə onun üçün düşərli olub: “Doğrusu, filmi müsabiqələrə təqdim edəndə onun təşkilatçılar tərəfindən festival iştirakçısı kimi seçiminə əsla əmin deyildim.Təcrübəsizliyimi, festivallarda peşəkarların, illərlə bu işlə məşğul olanların qatılacağını anlayırdım. Amma özümü sınamaq istəyim üstün gəldi. Bu, mənim çəkdiyim ilk film olsa da artıq bir sıra uğurlar qazanıb. Belə ki, adıçəkilən film bu il İngiltərədə təşkil edilən “Lift-Off FTF Sessions” və “Flickfair” onlayn-müsabiqələrinin də finalçıları sırasında yer alıb, həmçinin Ukraynada keçirilən Xarkov Beynəlxalq İncəsənət və Səyahətlər Festivalının “şort-listinə” daxil edilib”.
Və sonuncu qalibiyyəti isə ona sözlərlə ifadə edə bilməyəcək qədər gözəl anlar yaşadıb: “Çəkdiyim filmin Amerika festivalının yarımfinalına seçilməsi barədə məlumatı eşidəndə nə qədər həyəcan və sevinc hissi keçirdiyimi sözlə ifadə edə bilmirəm. Bunu qələbəm kimi dəyərləndirdim. Sonra filmin finalçı seçilməsi, daha sonra isə onun “Ən yaxşı eksperimental film və virtual reallıq” nominasiyası üzrə qalib çıxması, mənə həyatımın ən gözəl duyğularını yaşatdı. “UP” filminin planetemizin müxtəlif yerlərindən tamaşaçı rəğbətini qazanması məni qürurlandırır.
Bir Azərbaycan gənci olaraq ölkəmi layiqincə təmsil etməkdən fəxr duyuram”.
Samirə KƏRİMOVA