Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev olub.

 

“Müasirləşən ali təhsil və yüksək ixtisaslı mütəxəssis hazırlığı” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov B.Əliyevin bioqrafiyası, onun Azərbaycanda parlamentarizmin inkişafındakı xidmətləri, eləcə də alim və pedaqoq kimi fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

 

B.Əliyev MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib, “Müasirləşən ali təhsil və yüksək ixtisaslı mütəxəssis hazırlığı” mövzusunda geniş nitq söyləyib. Millət vəkili  Prezident  İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil sahəsində əldə edilmiş uğurlardan, ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilmiş islahatlardan və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın vəd etdiyi gözləntilərdən bəhs edib.

 

Mövcud reallıqlardan irəli gələn çağırışlar nəzərə alınmaqla, təhsil sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışan B.Əliyev hazırda Milli Məclisin Elm və təhsil komitəsinin gündəliyində olan məsələlər, o cümlədən müvafq İşçi Qrupu tərəfindən hazırlanmaqda olan “Ali təhsil haqqında” Qanun layihəsi barədə ətraflı məlumat verib.

 

B.Əliyev gənclərin düzgün peşə seçiminin əhəmiyyəti, hazırda mövcud olan bir sıra peşələrin yaxın gələcəkdə tamamilə yeni peşələrlə əvəz olunmasını zəruri edən amillər, təhsil pillələri arasında qarşılıqlı əlaqənin və təhsildə varisliyin təmin olunmasının vacibliyi barədə fikirlərini bölüşüb. Millət vəkili yeni nəsil universitetlərin yaranması, qlobal pandemiyadan irəli gələn reallıqlar, distant təhsilin aktuallığının əhəmiyyətli dərəcədə artması, ali təhsil müəssisələrinin tədqiqatyönümlü fəaliyyətinin gücləndirilməsi və sürətlə dəyişən müasir cəmiyyətin tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis hazırlığının xüsusiyyətləri kimi məsələlərə toxunub.

 

Sonra B.Əliyev  gənclərin ixtisas seçimi zamanı diqqət yetirməli olduqları amillər, qiyabi formada təhsilin distant təhsillə əvəz olunması imkanları, gələcəyin müəllimlərinin qazanmalı olduqları kompetensiyalar, bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı, ali təhsilin məzmununda baş verən keyfiyyət dəyişiklikləri və digər mövzuları əhatə edən çoxsaylı sualları cavablandırıb. O, tələbələrin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və bu istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə suallarına da ətraflı cavablar verib.

 

Microsoft Teams platforması üzərindən online formatda təşkil olunan görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.