Şabran məktəbliləri yeniliyin onlar üçün yüksək rəqabət mühiti yaratdığını deyirlər


Son zamanlar təhsildə atılan önəmli addımlardan biri də ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyasının genişlənməsidir. Bildiyimiz kimi, tam orta təhsilin təmayülləşməsi ilk olaraq 2011-ci ildən pilot layihə kimi Bakı şəhərindəki 5 məktəbdə tətbiq olunmağa başlamışdı. Hər il layihənin əhatə dairəsi bir az genişlənib, 2016-cı ildə Şabran rayonundakı S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə də humanitar təmayüllü sinif açılıb.

 

Həyata keçirilən pilot layihənin nəticələri müsbət qiymətləndirildiyi üçün 2017-ci  ildən təmayülləşmə bütün respublika üzrə tətbiq olunmağa başlayıb. O cümlədən Şabran rayonundakı 5 tam orta məktəbdə üç istiqamət - texniki-təbiət, humanitar,  riyaziyyat-iqtisadiyyat üzrə 6 təmayül sinif açılıb.

 

Təmayül siniflərdə tədris əsas fənlərin ağırlığı nəzərə alınmaqla xüsusi proqram əsasında həyata keçirilir. Yəni, adi siniflərdən fərqli olaraq, təmayül siniflərdə məktəblilər seçdikləri ixtisas qrupuna daxil olan fənlərin tədrisinə daha çox cəlb olunmaqla, digər fənlərin yaratdığı ağırlıqdan azad edilirlər. Bu da şagirdlərin öz istiqamətləri üzrə daha yaxşı təhsil almalarına kömək etməklə, repetitorla hazırlaşmağın vacibiyyət dərəcəsini əhəmiyyətli dərəcədə azaldır.

 

Bəs şagirdlər bu barədə nə düşünür, onlar təmayül sinif ilə adi sinfin fərqini necə dəyərləndirir? Ümumiyyətlə, təmayül sinfin şagirdi olmaqdan razıdırlarmı?

 

Şabran şəhər 5 nömrəli tam orta məktəbin texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü sinfində oxuyan X sinif şagirdləri ilə həmsöhbət olduq. Onların fikirlərini təqdim edirik:

 

Könül Əsədova

 

Təmayül sinfin yaradılması çox yaxşıdır. Çünki bizə lazım olan fənlərin saatı artırılıb. Təmayül sinifdə ancaq yaxşı oxuyan şagirdlər olduğu üçün rəqabət güclü olur. Hamı çalışır ki, sinfin ən yaxşısı olsun. Rəqabət də inkişafa aparır. Təmayül sinifdə oxumağın digər bir üstünlüyü də odur ki, seçdiyimiz qrupa daxil olmayan fənlər bizə az keçilir. Bu da təbii ki, öz fənlərimizi daha yaxşı oxumamıza vaxt qazandırır. Nə yaxşı ki, məktəbimizdə təmayül sinif yaradılıb və mən bu sinifdə təhsil alıram.                                                                                                                   

 

 

Məmməd Məmmədov

 

Təmayül sinifdə oxumağın müsbət tərəfləri çoxdur. Əlavə fənlərin ixtisar olunması və digər dərs saatlarının artırılması şagirdlərin daha yaxşı təhsil almasına kömək edir. Bu sinifdə oxuyan hər bir şagird seçdiyi ixtisas qrupu üzrə əlavə repetitora ehtiyac olmadan tam hazırlaşa bilər. Bu sinifdə yalnız yaxşı oxuyan şagirdlərin toplaşması şagirdlərin aktivliyini və bununla bərabər dərsin keyfiyyətini artırır. Bizim yaxşı təhsil almağımız üçün bu şəraitin yaradılmasında rolu olan hər bir kəsə təşəkkürümü bildirirəm.

 

 

Röyal Cəbiyev

 

Təmayül sinifdə təhsil almaq bizim üçün çox faydalıdır. Çünki biz digər məktəblərin şagirdləri və öz məktəb yoldaşlarımızla güclü rəqabət aparırıq. Bu isə gələcəkdə daha çox nailiyyət qazanmağımıza kömək edəcək.

 

 

 

 

 

Nərmin Müsayibova

 

Təmayül sinifdə təhsil almağın bizə yaratdığı imkanlar olduqca çoxdur. Burada şagirdlər bir-biri ilə rəqabətə girməklə yanaşı, biliklərini də bölüşürlər. Biz birlikdə bilik yarışlarında, viktorinalarda iştirak edir, yaradılan şəraiti maksimum dəyərləndirməyə çalışırıq.

 

 

 

 

 

Ümid Hacıyev

 

Mən keçən il adi sinifdə oxuyurdum. Bu il ilə müqayisə edəndə nə qədər inkişaf etdiyimi fərq edirəm. Adi sinifdə əgər sən yaxşı oxuyursansa, istər-istəməz həmişə bir arxayınlıq olur. Özünü bəlkə də yaxşı oxumayan uşaqlarla müqayisə edirsən. Burada isə hamı yaxşı oxuyan uşaqlardır və sən yaxşıların yaxşısı olmağa məcbursan.

 

 

 

 

Gülər HÜSEYNOVA