Paytaxt məktəblisi beynəlxalq müsabiqənin qalibi olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 82 nömrəli tam orta məktəbin III sinif şagirdi Amal Ahmadulin onlayn şəkildə keçirilən "2020-ci ilə təşəkkür edirik" beynəlxalq gənclərarası müsabiqədə I yeri qazanıb. X beynəlxalq gənclərarası müsabiqədə "Xoreoqrafiya" nominasiyası üzrə istedadlı məktəblinin nümayiş etdirdiyi "İgidlər rəqsi" maraqla qarşılanıb. Məktəbli uğurlu çıxışına görə 9-11 yaş kateqoriyası üzrə 100 baldan 91-ni toplayaraq I dərəcəli diploma layiq görülüb.

 

Qeyd edək ki, bu, onun ilk uğuru deyil. 5 yaşından Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəqslə məşğul olan məktəbli 2018-ci ildə ölkəmizdə keçirilən dünya rəqs festivalında və açıq Azərbaycan çempionatında "Alov" ansamlının tərkibində uğurla iştirak edərək I yeri tutub. 

 

Onu da qeyd edək ki, Amal Ahmadulin rəqslə yanaşı rəsm çəkməklə də məşğuldur.