Və yaxud İsmayıllı məktəblilərinin daha böyük hədəfləri


İsmayıllı rayonundan ürəkaçan xəbərlər gəlir. Rayon məktəblilərindən biri 2018-2019-cu dərs ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaz sessiyasında 700 bal toplayıb. 600-dən yuxarı bal toplayan şagirdlərinin sayı ötən ilki rəqəmlərlə müqayisədə artıb. Ən önəmlisi, rayon təhsilinin 668 balla müəllim olmaq istəyən şagirdi var. Rayondakı ümumtəhsil müəssisələrində elə siniflər var ki, böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul imtahanlarına qatılıb və sənəd verənlərin hamısı dərs proqramının hələ yekunlaşmamasına baxmayaraq, arzuladıqları ixtisas üzrə mümkün balı artıqlaması ilə toplayıb. İsmayıllı şagirdləri arasında 600 balı keçənlərin sayı artıq məktəb üzrə deyil, sinif üzrə ifadə olunur.

 

İsmayıllı rayonunun təhsil müəssisələrinin uğurunun sirrini öyrənmək istəyirsinizmi? Elə biz də bu məqsədlə İsmayıllıda olduq. Rayonun nailiyyətləri ilə öyündüyü 2 ümumtəhsil müəssisəsinə - 5 və 6 nömrəli tam orta məktəblərə baş çəkdik.

 

İsmayıllıda bir məktəb var...

 

İsmayıllıda məktəblərin sayı 80-dir. Rayonda 46-sı tam orta məktəb olmaqla, cəmi 80 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan cəmi bir məktəb tam təmirlidir. Qalan məktəblərin hamısının təmirə ehtiyacı var. İsmayıllı rayonuna mümkün olan maksimum nəticəni məhz təmirə ən böyük ehtiyac olan məktəb - Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli orta məktəb verib. 2011-ci ilin sentyabrına qədər kənd məktəbi olub. İsmayıllı kəndi şəhər statusu qazananda adı dəyişsə də, kollektivi hələ də onu “kənd məktəbi” adlandırır.

 

1984-cü ildən fəaliyyət göstərən, təmirə ehtiyacı olan məktəbin binası ikimərtəbəlidir. Akt zalına qədər şagirdlərinə lazım ola biləcək hər şey var. Binadan fərqli olaraq, idman zalı yenicə təmir olunub. Burada trenajorlar belə quraşdırılıb. Böyük açıq meydançası, geniş məktəb həyəti şagirdlərin fiziki hərəkət etməsinə kifayət qədər imkan yaradır. Məktəbin fiziki tərbiyə müəllimi Elvin Əliyevin sözlərinə görə, bu imkanlardan şagirdlər maksimum yararlanırlar. Voleybol və futbola xüsusi maraqları var. Yüngül atletika da uşaqların sevimli məşğuliyyətidir. “Şahin” hərbi idman oyunlarında dəfələrlə yüksək nəticələr göstəriblər.

 

Məktəbin 4 şəhidi var. İlk şəhidi - məktəbin adını daşıdığı Natiq Behdiyev 80-ci illərdə Əfqanıstanda həlak olub. Ruman Həsənov, Bəxtiyar Əmiraslanov və Şahməmməd Seyfəliyev isə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olublar.

 

3 kompüter sinfi, 54 kompüteri var. 250 şagirdi internetdən istifadə etmək imkanına malikdir. Sosial şəbəkələrdə də fəal olan məktəbin özünəməxsus bloqu var.

 

Məktəbdə 587 şagird üzərində 46 müəllim işləyir. Müəllimlərin 40 faizə qədəri gənc müəllimlərdir. Diaqnostik qiymətləndirmədə əksəriyyəti 50-dən artıq bal toplayıb. Məktəb şagirdləri qədər onları yetişdirən müəllimləriylə də öyünür.

 

Qumru müəllimin sinfi

 

Qəbul imtahanında ən yüksək bal toplayan Vasif Əsədovun oxuduğu XI a sinfi məktəbdə məhz belə tanınır. Məktəbdə deyirlər ki, Qumru müəllimin sinifləri həmişə yüksək nəticə göstərir. Bundan əvvəlki sinfində olan 18 şagirdin hamısı tələbə olmaq şansı qazanıb. Yalnız biri 480 balla ixtisas seçimi mərhələsində mübarizəni məqsədinə nail olmadan dayandırmalı olub.

 

Qumru müəllimin budəfəki onbirinciləri 25 nəfərdir. Onlardan 23 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət edib və 20 nəfər artıq tələbə olmaq şansı qazanıb. Qəbul imtahanlarının yaz sessiyasında 6 nəfər 600-dən çox, 11 nəfər 500-dən çox bal toplayıb. Bununla da rayonda ən yüksək nəticə göstərən sinif olub.

 

Qeyd edək ki, yüksək bal toplayan 8 şagird 2016-cı ilin buraxılış imtahanında da analoji nəticə göstərib.

 

Qumru müəllim deyir ki, yay imtahanında daha bir şagirdinin də 700 bal toplayacağına ümid edənlərin sayı lap çoxdur.

 

Yaz imtahanında 700 bal toplayan, bununla da nəinki rayon, bütövlükdə ölkənin təhsil ictimaiyyətinin diqqətini oxuduğu məktəbə cəlb edən Vasif Əsədov isə nailiyyətini tək özünün qazancı saymır: “700 bal toplamaq əsas məqsədim idi. Bu hədəfimə çatdım. Təbii ki, bu yolda müəllimlərim, valideynlərim mənimlə bərabər əziyyət çəkdilər. Əziyyətimiz hədər getmədi. Düzü, zəhmətimizin bəhrəsini valideynlərimə, məktəbimə və müəllimlərimə daddıra bildiyim üçün özümü daha çox xoşbəxt hesab edirəm. Uğur qazanan sinif yoldaşlarımı, yaşıdlarımı təbrik edirəm”.

 

V.Əsədov Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı düşünür. Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə ixtisaslaşmaq, bu istiqamətdə təhsilini xaricdə davam etdirməyi planlaşdırıb. Xəyallarında Amerika, Almaniya, Böyük Britaniya kimi ölkələrdə təhsilini davam etdirmək və yüksək ixtisaslı mühəndis olaraq ölkəsinə xidmət etmək var. Yüksək bal toplayaraq ali məktəblərə qəbul olunanların fikrini ifadə etməkdə çətinlik çəkdiyini əsas gətirərək müasir abituriyentləri fənləri mənimsəməklə deyil, suallara cavabları əzbərləyərək ali təhsil müəssisələrinə qəbul olunduğunu söyləyənlərə də ismarıcı var: “Əzbərləmək mümkün deyil. Çoxsaylı test nümunələri var və onları cavablandırmaq üçün həmin fənni mənimsəmək şərtdir. Nə qədər istedadlı da olsa, məncə, şagirdlərin qarşısına çıxan bütün testləri əzbərləmələri mümkün deyil. Xüsusən, mənim seçdiyim ixtisasın aid olduğu qrupdakı fənləri - fizika, riyaziyyat, kimyanı necə əzbərləmək olar? Məncə, güclü məntiq, bir də daha çox əziyyət çəkib çox oxumaq lazımdır ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərəsən”.

 

Sabrina Yolçuyeva III ixtisas qrupu üzrə hazırlaşıb. Məqsədi 656 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almaqdır: “Uşaqlığımdan bəri hüquqşünas olmaq istəmişəm. Bu məqsədimdə anamın xüsusi rolunu qeyd etmək istərdim. O, hər zaman məni hüquqşünas kimi görmək istəyib. Anamın bu istəyinin qərarıma çox böyük təsiri olub. Düşünürəm ki, yaxşı hüquqşünas kimi yetişməkdə ali təhsil müəssisəsi olaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyası mənə daha böyük imkanlar təmin edə bilər”.

 

Sabrinanın fikrincə, qarşıya qoyulan məqsədə çatana qədər bəzi şeylərdən imtina etməyə dəyər: “Telefonum olmayıb. Əyləncəyə vaxt tapmamışam. İstirahətimi azaltmışam və müəllimlərimin dəstəyindən istifadə edərək bütün gücümü ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlığa yönəltmişəm. Magistr olaraq təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”.

 

Ramil Ağayev qəbul imtahanında 655 bal toplayıb. Məktəbinin və müəllimlərinin onun 700 bal toplayacağına əmin olduğu şagirdlərdəndir. Odur ki, yaz sessiyasında topladığı bu balı uğur hesab etmir. Nəticələri ilə razılaşmadığı üçün ona verilən fürsətdən yararlanaraq qəbul imtahanlarının yay sessiyasına da qatılmağı düşünür.

 

R.Ağayevin özünə qarşı hirsli olması nəzərimizdən qaçmır. Məktəbin, müəllimlərinin ondan böyük gözləntiləri olub. Elə sinfə daxil olan kimi, onu 700 bal gözlədikləri şagird kimi təqdim etmələri Ramilin özünə qarşı hirsli olmasının izahı ola bilərmi?

 

Müəllimlərinin gözləntiləri və bunu israrla ifadə etmələrinin şagirdə psixoloji təsirini məktəb direktoru Qalib Bəşirovdan soruşuruq: “Yarım litrlik şüşə yarım litr su tutar. Daha çox suyu şüşəyə yerləşdirmək mümkün deyil. Uşaqdan maksimum nəticə almaq müəllimin bacarığıdır. Biz bütün uşaqların potensialına bələdik. Bacardığından artıq tələb qoymaq şagirdi psixoloji təzyiq altına sala bilər. Bizim müəllimlərin üstünlüyü hansı şagirdimizdən nə tələb edə biləcəyimizin fərqində olmağımızdır. Ramildən də, onun kimi digər şagirdlərimizdən də nəyi, necə tələb edəcəyimizi bilirik”.

 

Bütün meyarlar üzrə

 

DİM-in statistik təhlillərini əks etdirən cədvəllərdə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin göstəriciləri artıq uzun illərdir ki, onun ölkənin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu təsdiq edir: “Hər il 3-4 şagirdimiz 600-dən yuxarı bal toplayır. Ötən il bir nəfər 695 bal toplamışdı. Ümumiyyətlə, ali məktəbdə qəbulda məktəbimizin orta balı əvvəlki illə müqayisədə 80 bal artıb. Rayon ortalaması ilə müqayisədə bu, 31 bal çoxdur. Ali məktəbə qəbul olanların çəkisi illər üzrə müsbət dinamika göstərərək 73 faizdən 83 faizə qalxıb. Bu da təsdiq edir ki, hər il artan xətt üzrə davam edən uğurlar və builki nailiyyətimiz heç də təsadüfi deyil. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, məktəbimizdə zəif fənn müəllimi yoxdur. Rayonda fərqlənən müəllimləri məktəbimizə cəlb etməyə cəhd etmişəm və çox vaxt buna nail olmuşam. Müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinə uyğun olaraq məktəbimizə 1 müəllim təyin edilib. Qalan müəllimləri seçib dəvət etmişəm. Hər birinin peşəkarlığına əminəm”.

 

“Bu kənd məktəbindən çıxan onlarla gənc magistr olaraq Avropada təhsilini davam etdirib. Ölkəyə qayıdıb müxtəlif ixtisas sahələrində işləyənlər də çoxdur” , - deyən direktorun sözlərinə görə, məktəbin akademik göstəriciləri gözlə görülən uğurlardır. Görülən iş, məktəbin üzərinə götürdüyü vəzifələrin çox olduğunu vurğulayan məktəb direktoru onlardan yalnız birinin - ali məktəblərə qəbulun nəticələrinin göründüyünü təəssüflə vurğulayıb: “Şagirdlər arasında nizam-intizam, onların tərbiyəsi, nitqinin inkişafı, milli ruhda tərbiyə olunması, tamaşaçı mədəniyyətinin formalaşdırılması məktəbimizin görünməyən işləridir. Məsələn, idman yarışlarında qalib gələn idmançılarımız çoxdur. Komandalarımız dəfələrlə respublika çempionu, bir şagirdimiz beynəlxalq müsabiqənin qalibi olub. Ölkə Prezidentinin sərəncamı ilə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qaliblərindənik”.

 

Məktəbdə valideynlərlə iş də düzgün qurulub. Məktəb kollektivinin hər bir üzvü ondan nə tələb olunduğunu bilir. “Mən də direktor olaraq öz üzərimə düşən vəzifəni yaxşı bilirəm. Sərt qaydaları, tələbləri olan, nizam-intizama fikir verən direktor olmağıma baxmayaraq, bir müəllimlə danışarkən səsimi yüksəltməmişəm”, - deyən direktor məktəbin uğurunu işin düzgün qurulması ilə izah edib. 

 

5 nömrəli məktəb

 

Növbəti məktəbdəyik. 2004-cü ildən inşa olunan məktəb binası həyətdə əkilən gül-çiçək, yaşıllığın içərisində, demək olar ki, görünmür. Təmizlik isə göz oxşayır. Sizcə, bu, kimin nailiyyətidir? Təbii ki, İsmayıllıdakı 5 nömrəli tam orta məktəbin şagirdlərinin və kollektivinin. Məktəb bağçasına qulluq edən işçilər olsa da, şagirdlər də bu prosesdə fəaldırlar. Həm oxuyurlar, həm də torpağa qulluq etməyi öyrənirlər. Hər iki sahədə fəaliyyətləri göz qabağındadır. Məktəbin həyəti cənnəti xatırladır. Akademik göstəriciləri isə baxmayaraq ki, özlərini qane etmir, əslində, yüksəkdir. 700 - mümkün olan ən yüksək balı toplamağa köklənən şagirdlər 600-dən yuxarı bala qane olmadıqları üçün uğurlarından o qədər də həvəslə danışmırlar. Hətta uğursuz nəticə göstəriblərmiş kimi təsəvvür formalaşdırırlar. Hər biri qəbul imtahanlarının yay sessiyasına hazırlaşır.

 

Müəllimlik üçün ən yüksək bal toplayan məktəblilər

 

Məktəb üzrə qəbul imtahanında ən yüksək balı Ceyran Aydanova toplayıb. O, 668 balla ilk sıradadır. Kim olmaq istəyir, əcəba? Əlbəttə ki, müəllim!

 

Dostluqları məktəbdə başlayan və hələ də davam edən Gülər Abbasova da onun kimi yüksək bal toplayıb. Hər iki dost ingilis dili müəllimi olacaq. İkisinin də müəllimliyə olan həvəsi ailədən gəlir: “Ailəmizdə müəllimliyə çox böyük hörmət var. Nənələrimiz müəllim olublar. Yüksək bal topladığımı eşidəndən sonra “O qədər bal yığmısan, müəllimliyi niyə seçirsən?”, - deyənlər çoxalıb. Ailəm də, mən də belə düşünmürük. Məncə, yaxşı müəllim olmaq üçün bu bal kifayət deyil. Daha çox çalışmaq lazımdır, öz üzərimdə işləməliyəm. Yaxşı müəllim olacağam. Bunun üçün əlimdən gələni edəcəyəm. Hətta müəllimliyi seçən ən yüksək bal toplayan tələbə ola bilmək üçün yay imtahanına da qatılmağı planlaşdırıram”.

 

Məktəb direktoru Elçin Məmmədov deyir ki, müəllim olmaq istəyən şagirdlərinin hər ikisi bu peşəyə layiqdir: “Hər iki şagirdimiz müəllimliyə layiq biliyə, tərbiyəyə və əxlaqa sahibdirlər. Bilik müəllim olmaq üçün kifayət deyil. Tərbiyə və əxlaq bizim peşədə çox önəmlidir. Bu baxımdan, müəllimliyə layiq olmayan şagirdimi bu peşəni seçməyə qoymaram”.

 

Qeyd edək ki, 5 nömrəli məktəbin 600-dən yuxarı bal toplayan 8 şagirdindən 7 nəfəri qızdır.

 

Direktor Elçin Məmmədovdan öyrəndik ki, 480 yerlik məktəbdə 932 şagird təhsil alır. Bu il məktəbi 58 şagird bitirir. Direktor məktəbdə şagird sıxlığını ərazidə məktəb sayının azlığı ilə deyil, 5 nömrəli məktəbin reytinqi ilə izah edib: “Məktəb sadəcə bilik vermir. İnsan, şəxsiyyət yetişdiririk. Bu prosesdə hər vasitədən istifadə edirik. Məsələn, məktəbdən kənara, küçəyə də zibil qabı qoymuşuq. Şagirdlərimizə ətrafı çirkləndirməməyi öyrədirik. Bağça ilə məşğul olmağa cəlb etdiyimiz könüllü şagirdlərimiz var. Bu minvalla torpağı sevməyi, onunla davranmağı da məktəbdə öyrədirik. Hamısı yaxşı bilir ki, buraya oxumağa gəlirlər. Onları hər hansı başqa problemdən tamamilə uzaq saxlayırıq. Sinifdə pəncərəyə tutmağa pərdə yoxdursa, buna görə uşaqlar pul yığmırlar. Məktəbimizin uşaqları süpürgə pulu, partalarına salınacaq süfrə dərdi çəkmirlər. Heç bir səbəblə şagirdlərdən pul yığılmır. Sinifdə ancaq onlara dərs prosesində lazım olacaq şeylər var, vəssalam. Biz onlar üçün hər şəraiti yaratmışıq. Bunun qarşılığında da qarşılarında bir şərt olduğunu bilirlər. Hər kəs hər gün dərsdə olmalıdır! Odur ki, qəbul imtahanlarının yaz sessiyasında qazandığımız uğur bizim üçün böyük sayılmır. Bundan əvvəl də 600-dən yuxarı bal toplayan 8 şagirdimiz olduğundan budəfəki nəticəmizi böyük deyil, sadəcə, təkrarladığımız bir uğurumuz hesab edirik. İsmayıllı rayonunda ilk dəfə maksimum bal toplayan məktəbli iki il əvvəl bizim şagirdimiz olub. Odur ki, yay imtahanından gözləntilərimiz daha böyükdür”.

 

Təmayülləşmə öz təsirini göstərdi

 

E.Məmmədov şagirdlərin yüksək göstəricilər əldə etmələrində ölkədə həyata keçirilən təmayülləşmə prosesinin rolunu da istisna etməyib: “Baxmayaraq ki, 600-dən çox bal toplayan şagirdlərimizdən biri adi siniflərdəndir, hesab edirəm ki, bu il təmayülləşmənin bəhrəsini gördük. Düşünürəm ki, nəticələrimiz getdikcə daha da yüksələcək. Hazırda məktəbdə 2 təmayül sinif var. Fizika-riyaziyyat və humanitar təmayüllü hər iki sinfin şagirdləri yüksək nəticələr göstərib. Növbəti tədris ilində üç təmayül sinif yaradılacaq. Hazırda X sinifdə oxuyan şagirdlərimizdən təşkil edilən hər 3 sinif təmayülləşəcək. Bundan sonrakı illərdə daha böyük nəticələr gözləyirik”.

 

İsmayıllı rayonunda təhsil: nəticələr ötən ilkindən daha yaxşıdır

 

Artıq 3 ildir ki, rayondan ən yüksək bal toplayan məktəbli çıxır və rayonun reytinq cədvəlindəki yeri yüksəlir. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov rayon təhsilinin uğurlarından danışıb: “Ötən il rayonun ümumtəhsil məktəblərindən 700-dən artıq məzun olub. Onlardan 40 nəfər məktəbi fərqlənmə attestatı, üç nəfər qızıl, bir nəfər gümüş medalla qurtarıb. 354 məzunumuz müxtəlif ali məktəblərə qəbul olunub. Onlardan 26 nəfəri 600-dən yüksək bal, Lahıç qəsəbə orta məktəbinin şagirdi isə 700 bal toplamışdı. Dövlət İmtahan Mərkəzində də ötən ilki qəbulun nəticələri təhlil edilib. Təhlil “Abituriyent” jurnalının 12-ci sayında çap edilib və həmin cədvəldən görünür ki, İsmayıllı rayonu respublikada ikinci, rayonlar arasında birinci ən yaxşı nəticə göstərib. Ötən ilki qəbulun nəticələrinin təhlili göstərir ki, bu məsələdə ancaq Sumqayıtdan geri qalırıq. İlk imtahanların nəticələri göstərir ki, bu il də İsmayıllı rayonunun uğurları davam edir. Artıq 30-dan artıq şagirdimiz 600-dən artıq bal toplayaraq tələbə olmaq şansı qazanıb. Qarşıda hələ yay imtahanlarının da olacağını nəzərə alsaq, ötən ilki ilə müqayisədə nəticələr bu il daha yaxşı görünür”.

 

Beləcə, İsmayıllıya səfərimizi başa vururuq. Növbəti təhsil nailiyyətlərini bütün ölkəyə çatdırmaq üçün yenidən geri dönmək inamı ilə...

 

Ruhiyyə DAŞSALAHLI