Lənkəran Dövlət Universitetində (LDU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda vebinar keçirilib.
Onlayn formatda keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. “Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq”- deyən universitet rəsmisi qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan N.İbrahimov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini söyləyib.
Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, təhsilin inkişafı istiqamətində atdığı addımlardan , Lənkərana etdiyi çoxsaylı səfərlərindən söz açıblar.
Microsoft Teams platforması üzərindən keçirilən vebinarda universitetin prorektorları, dekan və kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.