Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan xalqının şərəf tarixi: 15 iyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib.

 

Microsoft Teams  platforması üzərindən online formatda təşkil olunan konfransda  MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

Universitetdən bildirilib ki, ali məktəbin rektoru Şahin Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsi tarixini xarakterizə edən 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Müstəqilliyin ilk iki ilində ölkədə xaos baş verdiyini, ciddi iqtisadi tənəzzülün olduğunu və dövlət idarəetməsində səriştəsizliyin hökm sürdüyünü qeyd edən Ş.Bayramov xalqın təkidli çağırışlarına cavab olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtması faktının  Azərbaycanın müasir tarixinə həlledici dönüş nöqtəsi kimi  daxil olduğunu söyləyib. Rektor deyib ki, öz şəxsi həyatını böyük risk altına qoyan Heydər Əliyevin sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qalxdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu.

 

Sonra konfransda məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından İlham Məmmədov “Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində Milli Qurtuluşun bünövrəsini qoydu”, Şəlalə Quliyeva isə “Qurtuluş mübarizəsinin qalibi Heydər Əliyev: dahi siyasətçi və müasir Azərbaycanın qurucusu” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Tədbirdə yekun nitq söyləyən Ş.Bayramov Ümummilli liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı sahəsindəki misilsiz xidmətlərinin gənc nəslə çatdırılması baxımından bu tipli elmi konfransların davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb.