Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU ) Quba filialının təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq “Qayıdışdan qurtuluşa” adlı onlayn elmi-praktik konfrans keçirilib.

 

Konfransda filialın direktoru dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti  başçısının İctimai siyasi məsələlər üzrə müavini Səidə Abasova,  millət vəkilləri- Sadiq Qurbanov, Vahid Əhmədov, Qənirə Paşayeva, Nizami Cəfərov,  Fəzail Ağamalı, professor Şahlar Əsgərov, YAP Quba rayon  təşkilatının sədri Yusif Abidov, YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Əhməd Bəkirli,  rayon Heydər Əliyev Mərkəzinin müdiri Elza Orucova, Quba Turizm, Menecment və Destinasiya Mərkəzinin müdiri Heybət Vəliyev, Quba şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Baləmət Baləmətov, Quba şəhər Bələdiyyəsinin sədri Humay Məmmədova,  rayon Mərkəzi Kitabxanasının direktor müavini Hüriyyə Sultanova, “Qafqaz” TV-nin nümayəndələri, filialın əməkdaşları və tələbələri iştirak ediblər.

 

Filialın direktoru,  dosent Yusif Alıyev 15 iyun tarixinin əhəmiyyətindən, bu tarixi hadisənin gənc nəslə çatdırılmasında bu cür konfrans və görüşlərin keçirilməsinin vacibliyindən danışıb.

 

Milli Məclisin Ekologiya və təbii ehtiyatlar komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bildirib ki, tarixin bütün mərhələlərində şəxsiyyətlərin rolu danılmazdır:” Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür.  Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün , sadəcə təqvim bayramı deyil, böyük ictimai- siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Ulu öndərimizin həyat fəlsəfəsi, onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Zaman ötdükcə, olkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə,  bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni  Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir”.

 

Konfransda çıxış edən professor Şahlar Əsgərov Ümummilli lider Heydər Əliyevin

 

Azərbaycan xalqının xilaskarı adlandırılmasının səbəbini tarixi faktlarla izah edib, Ulu öndərin  xalqın, dövlətin inkişafı yönündə atdığı ilk addımlarının  bünövrəsi üzərində bu gün də hansı uğurlara imza atıldığına toxunub.

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva  Ulu öndər Heydər Əliyevin  ən ağır məqamlarda daim xalqla birlikdə olduğunu ,  hər zaman şəxsiyyətindən doğan böyük müdriklik və cəsarət nümayiş etdirdiyini söyləyib:” Sözün həqiqi mənasında Ulu öndər Heydər Əliyev bəşər sivilizasiyasının ən fenomenal şəxsiyyətlərindən biri kimi tarixə düşüb”.

 

Millət vəkili Vahid Əhmədov Ulu öndər Heydər Əliyevlə görüşlərindən, dahi şəxsiyyətlə bağlı xatirələrindən söhbət açaraq, xüsusilə vurğulayıb ki, Azərbaycan tarixinə bəlkə də 100 il bundan sonra da Heydər Əliyev kimi şəxsiyyət gəlməyəcək, çünki  bütün keyfiyyətləri ilə bənzərsiz və əvəzolunmaz bir lider idi.

 

Millət vəkili Fəzail Ağamalı bildirib ki, Heydər  Əliyev  1993-2003-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrinin uzun müddət dinamik inkişafını təmin edən kompleks tədbirlər həyata keçirib:”Bu səbəbdən də bu gün bu dahi şəxsiyyətin ömür və fəaliyyət yolunu tariximizin ən şanlı səhifələri kimi diqqətlə öyrənməliyik”.

 

Sonda Ulu öndər Heydər Əliyevə həsr edilən videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, onlayn formatda,  Zoom  platforması üzərindən baş tutan konfrans filialın rəsmi Facebook səhifəsindən canlı olaraq yayımlanıb.