Naxçıvanın Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm müsabiqəsində Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsinin Təsviri incəsənət ixtisası üzrə I kurs tələbəsi Türkan Əsədova 18-29 yaş kateqoriyası üzrə qalib olub.
Universitetdən bildirilib ki, onlayn müsabiqəyə, ümumilikdə 93 uşaq, yeniyetmə və gəncin 148 rəsm əsəri buraxılıb. Müsabiqəyə 7-12 yaş kateqoriyası üzrə 31 nəfər 45, 13-17 yaş kateqoriyası üzrə 50 nəfər 82, 18-29 yaş kateqoriyası üzrə 12 nəfər 21 rəsm əsəri təqdim edib. Bakı məktəblilərinin də qatıldığı müsabiqədə yaradıcılıq nümunələrini Naxçıvanın Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilən münsiflər heyəti qiymətləndirib. Rəsm əsərləri qiymətləndirilən zaman müəlliflərin yaşı nəzərə alınaraq, düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb, müsabiqəyə təqdim olunan işlərin bədii dəyəri nəzərə alınıb.
Məlumat üçün bildirək ki, qalib olan gənc rəssam Türkan Əsədova digər belə müsabiqələrdə də hər zaman uğurlar qazanıb. O, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakıda keçirilən "Mənim Azərbaycanım" mövzusunda rəsm sərgisində uğurlu iştirakına görə fərqləndirilib. 2018-2019-cu tədris ilində isə incəsənət sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif edilib.