Lənkəran Dövlət Universiteti (LDU) ilə Çexiyanın Brno şəhərində yerləşən Mendel Universiteti arasında anlaşma memorandumu imzalanıb. Koronavirus pandemiyası səbəbindən sənədlər dövriyyəsi vasitəsilə imzalanan memorandumda qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, müəllim, tədqiqatçı və tələbələrin qarşılıqlı mübadiləsi, həmçinin, birgə təqdiqat işlərinin aparılması nəzərdə tutulur.
Universitetdən bildirilib ki, memorandumu LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və Mendel Universitetinin rektoru xanım Danuse Nerudova imzalayıb.
Xatırladaq ki, ötən il iyulun 9-da Çexiyanın Mendel Universitetinin professoru, meşəçilik fakültəsinin dekan müavini Petr Kupec LDU-da olub. Çexiyalı professorun N.İbrahimovla görüşü zamanı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, hər iki universitetdə mövcud olan Meşəçilik, Aqronomluq, Bitkiçilik, İqtisadiyyat və s. ixtisaslarla bağlı əlaqələrin gələcək perspektivləri müzakirə edilib.