Seçilən məruzə tezislərinin müəlliflərinə NDU-nun diplomu təqdim edilib


Naxçıvan Dövlət Universitetində magistrantların X regional elmi konfransı keçirilib. Magistratura üzrə dekanlıqda təşkil olunan tədbirdə  universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasının elmi tədqiqat işlərinə olan marağı artırdığını önə çəkib. Vurğulanıb ki, universitetdə magistratura təhsilinə qayğının nəticəsidir ki, son illərdə bunun üçün münbit şərait və möhkəm maddi texniki baza formalaşdırılıb.

 

Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev dissertasiyaların yazılması üçün ilk olaraq məsələnin qoyuluşu, işin aktuallığı və məqsədinin əhəmiyyəti haqda danışıb. “Hər bir məqalə yeniliklərlə dolu olmalı, dəqiq elmi mənbələrə istinad edilməlidir”,- deyən prorektor dissertasiyalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsinin önəmini qeyd edib. Vurğulanıb ki, seçilən mövzular doğma yurdun tarixini, mədəniyyətini, incəsənətini əks etdirmək baxımından günün tələblərinə cavab verməlidir.

 

Universitetin magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru  Etibar Məmmədov bildirib ki, 1997-ci ildən 7 ixtisas üzrə 27 nəfərə magistr təhsili verməyə başlayan universitetdə  hazırda I kursda 55 ixtisas üzrə 138 və II kursda 35 ixtisas üzrə 103 magistr əyani təhsil alır. Magistraturada ilk buraxılışın olduğu vaxtdan bugünədək 1593 nəfər  magistr dərəcəsi alıb.

 

Konfransda universitetin “Dövlət hüququ” ixtisası üzrə I kurs magistrantı Əziz Qasımovun “Vərəsəlik hüququ” mövzusunda çıxışı dinlənilib.

 

“Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisası üzrə II kurs magistrant Gülbani Əliyevaya “İlin magistrantı” diplomu təqdim edilib.

 

Konfrans bölmə iclasları ilə davam edib. 20 bölmə üzrə 105 çıxış dinlənildikdən sonra münsiflər heyətinin qərarı ilə qiymətləndirilən məruzə tezisləri müəlliflərinə universitetin diplomu təqdim olunub.