Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hərbi idman bayramına start verilib.

 

Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən hərbi idman bayramının əsas məqsədi hərbi-fiziki hərəkət və oyunları tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla, gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

 

İlkin olaraq Bakı şəhəri 117 və 151 nömrəli tam orta məktəblərdə keçirilən hərbi idman bayramında şagirdlər I yer uğrunda bütün səy və bacarıqlarını səfərbər ediblər.

 

117 nömrəli tam orta məktəbin komandaları arasında “Çağdaş”, 151 nömrəli tam orta məktəbin komandaları arasında isə “Şahinlər” komandası I yerə layiq görülüb.

 

Qeyd edək ki, keçirilən hərbi idman oyunlarına Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri, Azərbaycan Respublikası Əmək və Müharibə Veteranları Təşkilatının əməkdaşları, Qarabağ müharibəsi veteranları dəvət edilib.  

 

Çıxış edənlər şagirdlərin  gələcəkdə Vətənə layiqli əsgər və yetkin vətəndaş olacağına əminliklərini ifadə ediblər. 

 

Sonda qaliblərə diplom və Fəxri fərman verilib.

 

Onu da qeyd edək ki, tədris ilinin sonuna qədər bütün ümumi təhsil müəssisələrində hərbi idman bayramının keçirilməsi nəzərdə tutulub. Hərbi idman bayramının təşkili və məzmunu ilə bağlı paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə təlim-metodiki toplantılar da təşkil edilib.