Naxçıvan Dövlət Universiteti (NDU) “İnformatika” kafedrasının baş müəllimi Sevinc Paşayevanın “Direktiv sənəd bazasında informasiya axtarış sisteminin bəzi istismar xarakteristikalarının təyin edilməsi” adlı məqaləsi nüfuzlu “International Journal of Modern Education and Computer Science (IJMECS)” jurnalında nəşr olunub.

 

Məqalədə direktiv sənəd bazasında informasiya axtarış sisteminin bəzi istismar xarakteristikalarının təyin edilməsi üçün metod verilib. Sistemin istismar dövrləri araşdırılıb və sistem işə salındıqdan sonra aşınma, sıradan çıxma dövrü haqda ətraflı məlumat verilib. Məqalə sistemin normal istismar dövründə bəzi istismar xarakteristikalarının araşdırılmasına həsr edilib. Məqalədə sistemin normal istismar dövrü üçün istifadəçilərdən sistemə daxil olan müraciətlərin monitorinqinin təşkili medodu göstərilib. Monitorinq nəticələrinin araşdırılması vasitəsi ilə sistemdə imtinaların baş vermə ehtimalının  paylanma funksiyası və sistemin verilmiş vaxta qədər imtinasız işləməsi ehtimalının paylanma funksiyaları təyin edilib. Yekun olaraq sistemdəki imtinaların intensivliyi və sistemdə birinci imtinaya qədər olan orta vaxt nəzəri və eksperimental yolla təyin edilib.

 

Qeyd edək ki, jurnal müasir təhsilin, informatika sahəsinin nəzəriyyə və təcrübəsini birləşdirməyə çalışır və “CrossRef”, “Google Scholar”, “EBSCO”, “JournalSeek” kimi elmi bazalarda indeksləşir.