Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyası uğurla davam edir.  Microsoft Teams platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan günündə ümumilikdə 34 qrup üzrə 573 tələbənin iştirakı nəzərdə tutulub.

 

MDU-dan bildirilib ki, məsafədən təhsil alətlərinin və informasiya-kommunikasiya vasitələrinin tətbiqi ilə keçirilən imtahanlarda akademik heyət və tələbələrin yüksək aktivliyi müşahidə olunub.  Faktiki olaraq, imtahan prosesindən  heç bir tələbə kənarda qalmayıb. Müəllim və tələbələrin evdən qoşulduqları imtahanların təşkilində MDU-nun gənc əməkdaşları və könüllü tələbələri xüsusi fəallıq göstəriblər.

 

Çoxsaylı güzəştlərlə müşayiət olunan imtahan sessiyasının ikinci günündə də bütün tələbələr yalnız müvəffəq qiymətlər alıblar.

 

MDU-nun üçüncü kurs tələbəsi Xəyal Xəlilov ilk dəfə qatıldığı məsafədən dərslər və online imtahanlardan məmnunluğunu ifadə edib.