İyunun 8-də Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.

 

Videogörüşdə Ceyhun Bayramov qeyd edib ki, yaz imtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimati məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edilir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.

 

Qeyd edilib ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması,  onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.

 

Nazir həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.

 

Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişatı barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.