Naxçıvan Dövlət Universiteti (NDU) incəsənət fakültəsinin xalq çalğı alətləri kafedrasında onlayn ustad dərsi keçirilib. “Bayatı Şiraz” muğamı mövzusunda onlayn dərsi Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının instrumental muğam kafedrasının müdiri, dosent Malik Mansurov keçib.
70 nəfər müəllim və tələbənin iştirak etdiyi dərsdə universitetin incəsənət fakültəsinin dekanı, Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov ali təhsil ocağında keçirilən onlayn dərslərin müəllim və tələbələrin təcrübəsində artan rolu barədə danışıb.
M.Mansurov qeyd edib ki, muğam sözü iran-ərəb-türk dillərində işlədilən «məqam» sözündən yaranıb. «Məqam» sözü simli alətlərdəki pərdə mənasına gəlir. Bildirilib ki, bu janr, təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən muğam xalqlara uyğun parçalanıb. “Bayatı- Şiraz” muğamı haqqında geniş məlumat verən Əməkdar artist vurğulayıb ki, yalnız XIX əsrin sonlarından müstəqil olan bu muğam növü əvvəllər “Bayatı - İsfahan” dəstgahı kimi tanınıb. Bildirilib ki,“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodiyasına və dərin təsir gücünə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Sonda mövzu ətrafında çıxışlar olub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.