Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin  tələbə və magistrantlarına müraciət edib.

 

MDU-da 8 iyun tarixindən etibarən 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının  başlandığını bildirən rektor ali məktəbin akademik heyəti tərəfindən Microsoft Teams və Zoom  platformaları üzərindən keçirilən online dərslər, eləcə də Youtube kanalı üzərindən təqdim olunan “videodərslər”in tələbələrə müvafiq  fənlər üzrə zəruri bilik və bacarıqlar qazandırdığına inamını ifadə edib.

 

Mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları, karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, cari imtahan sessiyasında çoxsaylı güzəştlər edilməsinə qərar verildiyini bildirən  Ş.Bayramov müraciətində deyib:

 

-İmtahan prosesində sizi  məmnun edəcək həmin güzəştlər barədə professor-müəllim heyətimiz müvafiq qaydada təlimatlandırılıb. Bildiyiniz kimi, sessiya dövründə hər həftənin çərşənbə axşamı keçirəcəyimiz “Açıq qapı” günlərində iştirak etməklə arzu və istəklərinizi çatdıra, müvafiq suallarınızı cavablandıra bilərsiniz. Əminəm ki, müəllimlərinizdən əldə etdiyiniz biliklər və təqdim olunan güzəştlər hər birinizin imtahanlardan yalnız müvəffəq qiymətlər almasına imkan verəcəkdir.

 

Rektor bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş sonuncu kurs tələbələrinin nəzərinə çatdırıb ki, onlar təhsil müddətində əldə edilən nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) uyğun olaraq pedaqoji və istehsalat təcrübəsini uğurla başa vurmuş, eləcə də yekun attestasiyadan keçmiş hesab olunurlar.

 

Ş.Bayramov hazırda tələbələrin iştirakı ilə məzun gününün keçirilməsi üçün mümkün imkanların nəzərdən keçirildiyini də bildirib və bakalavriat səviyyəsində I-III kurslarda təhsil alan tələbələrə, magistratura səviyyəsində I kursda təhsil alan magistrantlara “Microsoft Teams” platforması üzərindən online şəkildə şifahi formada verəcəkləri imtahanlarda, II kurs magistrantlara isə magistrlik dissertasiyalarının müdafiəsində uğurlar arzulayıb.