Türkiyənin Şanlıurfa şəhərində “Göbəklitəpə Uluslararası Sosyal və Bəşəri Elmlər Konqresi” adlı tədbir keçirilib.
Şanlıurfanın düşmən işğalından azad edilməsinin 100 illiyinə həsr olunan tədbir Harran Unversiteti və İktisad Unversitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Zoom platforması üzərindən keçirilən, bir çox ölkələrin alim və mütəxəssislərinın qatıldığı konqresdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə ilə çıxış edib.
Naxçıvanın qədim sənətkarlıq sahələrindən biri olan dulusçuluq haqqında məlumat verən alim məruzəsində muxtar respublika ərazisində Erkən Tunc dövrü abidələrində aşkar olunan keramika məmulatlarının müqayisəsini aparıb. T.Xəlilov Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri kimi Naxçıvanda bu mədəniyyətin formalaşması tarixinin qədimliyini qeyd edib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.