Bu iki təhsil və istehsalat müəssisəsi arasında anlaşma memorandumu imzalanıb


Azərbaycan Texnologiya Universiteti (UTECA) daha bir istehsalat müəssisəsi ilə əməkşdaşlığa başlayır. “Mingəçevir Tekstil” MMC ilə universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bununla bağlı UTECA-da iki qurumun rəhbərləri arasında keçirilən görüşdə rektor, professor Akif Süleymanov qeyd edib ki, universitet mütəxəssis hazırlığı profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıqda həmişə maraqlıdır. Məqsəd müəssisələri kadr hazırlığı prosesində iştiraka cəlb etməklə onların tələblərinə uyğun məzunlar hazırlamaqdır. Rektor bildirib ki, UTECA artıq bir neçə sənaye müəssisəsi ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq edir. “Yüngül sənaye mühəndisliyi” də universitetin baza ixtisaslarından olduğu üçün bu sahədə fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC ilə əməkdaşlıq böyük perspektiv vəd edir.

 

“Mingəçevir Tekstil” MMC-nin icraçı direktoru Mehman Hüseynov rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. O, bildirib ki, tezliklə yüngül sənaye sektorunun ən aparıcı müəssisələrindən biri olmağı qarşısına məqsəd qoyan istehsalat sahəsi də təhsil ocaqları ilə əməkdaşlığı zəruri hesab edir. İxtisaslı kadrların tapılması ilə bağlı ortaya çıxan çətinlik, mövcud əməkdaşların ixtisas təlimlərinə cəlb olunması ehtiyacı universitet-sənaye əlaqələri prosesinə qoşulmağı zəruri edir. Məhz buna görə də bu gün təməli qoyulan UTECA- “Mingəçevir Tekstil” MMC əməkdaşlığının genişləndirilməsi hər iki tərəf üçün böyük səmərə verə bilər.

 

Sonra UTECA ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandum imzalanıb. UTECA-nın rektoru Akif Süleymanov və “Mingəçevir Tekstil” MMC-nin icraçı direktoru Mehman Hüseynov tərəfindən imzalanan memorandum iki müəssisənin təcrübə və imkanlarından ortaq istifadə etməklə elmi-praktik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat işlərinin aparılmasını, kadr hazırlığı prosesində əməkdaşlığın təmin edilməsini nəzərdə tutur.