Naxçıvan Dövlət Universiteti (NDU) tibb fakültəsinin həkim, rezident və tələbələri “Qarıngərmə əməliyyatı – abdomenoplastikanın icrası və sonrakı dövrün izahı” adlı cərrahi əməliyyatda onlayn iştirak ediblər.
İnternational Medical Center 2 (Beynəlxalq Tibb Mərkəzi) klinikasının baş həkimi və cərrahı Elvin Əliyevin həyata keçirdiyi əməliyyat universitetin facebook (ndu.edu.az) sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.
2 saatdan artıq davam edən canlı yayım izləyicilər tərəfindən maraqla qarşılanıb. Koordinasiyası və canlı videotəqdimatı tibb fakültələrinin tələbələri tərəfindən təşkil edilən onlayn əməliyyatda müəllim və tələbələrin sualları da cavablandırılıb.
NDU-dan bildirilib ki, 2005-2011-ci illərdə universitetin tibb fakültəsinin Pediatriya ixtisası üzrə oxumuş Elvin Əliyev 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili də alıb. O, plastik cərrahiyyə, qarın gərmə, body lifting üzrə Türkiyədə ixtisas kursunda olub. Plastik cərrahiyyədə daha çox qarın gərmə əməliyyatları ilə məşğul olan həkimin adı dünyada ən çox bu əməliyyatları edən cərrahların siyahısındadır.