ADPU-nun Quba filialı pandemiya dövründə fəaliyyətini necə qurur?
Dünyanı cənginə almış koronavirus pandemiyası dövründə cəmiyyəti əhatə edən bütün dəyərlər sistemində fərqli qlobal dəyərlər formalaşmasına yeni nəzər və baxışlar yarandı. Azərbaycanda da əsas prioritet məsələ bu fəlakətdən - pandemiyadan maksimum az iqtisadi itki ilə çıxmaq, ölkə vətəndaşlarının təhlükəsizliyinin və təhsilin davamlılığının təmini idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə qısa zaman kəsiyində hökumət bu təhlükəyə qarşı səfərbər edildi. Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq “Teledərs” adlı layihə “Mədəniyyət” televiziya kanalı ilə yayımlanmağa başladı ki, bu da şagirdlərin dərslərdən geri qalmalarının qarşısını almış oldu.
Həmçinin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün ali təhsil müəssisələri də məsafədən təhsilə üstünlük verərək idarəetməni və tədrisi onlayn şəkildə həyata keçirməyə başladı. Təhsil Nazirliyinin çevik reaksiyası sayəsində bütün ali məktəblərdə onlayn təhsilə keçid təmin olundu.
Tərkibində beş filialı, bir kolleci birləşdirən, 20 mindən çox kontingentlə 100 illik yubiley yaşına konkret hədəflərlə gedən, pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti onlayn - məsafədən təhsil istiqamətində də yetərincə işlər görmüş, təcrübələr toplamışdır. Pandemiya şəraitinə baxmayaraq ABŞ-ın Corc Vaşinqton Universiteti kimi nüfuzlu bir universitetlə ikili diplom sazişinin tələblərini həyata keçirməyi uğurla davam etdirir.
Martın 3-dən etibarən koronovirus pandemiyası səbəbilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı da tədris və təlim-tərbiyə fəaliyyətini onlayn platforma üzərindən həyata keçirməyə başlamışdır. Bir sözlə, pandemiyanın tədrisə mənfi təsirini azaltmaq üçün filialın professor-müəllim heyəti dayanmadan çalışır. Qeyd edim ki, filialda bakalavriatura təhsili alan 825 nəfər tələbəyə 80 nəfər professor-müəllim heyəti təhsil verir.
ADPU-nun Quba filialının tələbələrinin təhsildən geri qalmamaları üçün mümkün yollar axtararaq onları tədrisə cəlb etməyi qarşımıza məqsəd qoyduq. İlk günlər tədrisin elektron resurslar vasitəsilə məsafədən ötürülməsi prosesinə start verildi. Lakin get-gedə müəyyən təcrübələr əldə edilərək yeni metod və yanaşmalardan istifadə olunmağa başladı.
Böyük qürur hissi ilə deyə bilərəm ki, ilk dəfə olaraq ADPU-nun Quba filialı universitetlə televiziya əlaqələrindən yararlanaraq efir vasitəsilə mühazirələrin yayımını həyata keçirmişdir. Belə ki, Şimal regionunda yayımlanan “Qafqaz” TV ilə filial arasında razılaşma əldə edilərək martın 18-dən etibarən “Telemühazirə” adlı dərs-verilişin yayımına başlanılmışdır. Bu günədək davam edən “Telemühazirə”lərdə filialın 12 müəllimi 60-dək mühazirəni efir vasitəsilə tələbələrə çatdırmışdır. Bundan başqa, tələbələrin e-mail ünvanları, “WhatsApp” qrupları, “Zoom” proqramı və “Microsoft Teams” platforması üzərindən dərslər tədris edilməyə başladı. Mütəmadi olaraq hər gün tədrisin durumu ilə bağlı monitorinq keçirilir, onlayn tədrisə cəlb olunan müəllimlərin və tələbələrin problemləri öyrənilərək tədris-metodiki vəziyyət nəzarət altında saxlanılır. İnternet imkanlarının əlçatanlığını və tələbələrin onlayn dərslərə qoşulmasının davamlılığını təmin etmək məqsədilə filial əməkdaşlarının şəxsi təşəbbüsü ilə yüzə yaxın tələbənin mobil hesablarına internet paketləri yüklənmişdir.
Həmçinin filialda təlim-tərbiyə işləri də diqqətdən kənarda qalmayaraq onlayn formada məsafədən həyata keçirilir. Tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə onlayn rəsm, mahnı, şeir, esse müsabiqələri keçirilmişdir ki, bunlardan ən maraqlısı tələbələrin böyük həvəslə qatıldığı “Virusla döyüşən həyatımız” onlayn esse müsabiqəsini göstərmək olar. Bu müsabiqədə 80-ə yaxın tələbə esse ilə iştirak etmişdir. Ölkənin tanınmış alim və mütəxəssislərindən ibarət onlayn münsiflər komissiyasının seçimi ilə ən maraqlı və təsirli 3 videoesse müəllifi qalib seçilərək diplom və mükafata layiq görülmüşdür.
Gənc nəslin təlim və tərbiyəsinin sağlam ideyalar əsasında formalaşmasını təmin etmək məqsədilə keçirilən layihələrin sırasında “Ustad dərslər” adı altında respublikanın tanınmış ziyalıları, millət vəkilləri, siyasi xadimlərlə onlayn platformalar üzərindən təşkil edilən vebinarlar xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də karantin qaydalarının sərt olduğu dönəmlərdə tələbələrlə tanınmış psixoloqların, psixoanalitiklərin vebinarlarının təşkili onların depressiyaya məruz qalmamalarına, psixoloji sarsıntılarının azalmasına xidmət edirdi. Filialda istedadların aşkarlanması sahəsində aparılan işlər sayəsində neçə-neçə dəyərli əl işləri, istedadlı yazıları, möhtəşəm bacarıqlara, əsrarəngiz səslərə sahib olan tələbələrimizi kəşf edərək yaxından tanıdıq.
Filialın Doktorant və Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunmuş “28 May - Azərbaycanın istiqlal imzası” adlı onlayn elmi konfrans keçirilmişdir.
Bu çətin dönəmdə ADPU-nun Quba filialı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 manat ianə etmiş, Prezident cənab İlham Əliyevin çağırışına dəstək olaraq həssas qruplardan olan vətəndaşlara, o cümlədən sağlamlıq imkanları məhdud olan insanlara, şəhid ailələrinə yardım etmişdir. Həmçinin filial əməkdaşları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına qoşularaq qanvermə aksiyasında iştirak etmişlər.
Daha sonra distant təhsilin koronavirus mərhələsinin verdiyi təcrübə, eləcə də dünya ölkələrinin təcrübələrini tədqiq edib, ciddi yanaşmalar qəbul etmək lazım oldu. Bunun üçün onlayn tədrisin müasir forma və metodologiyasının öyrənilməsi istiqamətində filial əməkdaşları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə dünyanın onlayn təhsil sahəsində təcrübəsi olan bir çox universitetlərin qabaqcıl alim və mütəxəssisləri ilə əlaqələr qurulmuşdur. Həmin universitetlərin onlayn təhsil sahəsində əldə etdikləri təcrübələr qarşılıqlı olaraq Azərbaycan universitetləri ilə mübadilə olunması üçün onlayn görüşün təşkil olunması istiqamətində mütəmadi olaraq işlər görülmüşdür.
Nəhayət, ADPU-nun Quba filialının təşkilatçılığı ilə 14 may 2020-ci il tarixdə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda onlayn beynəlxalq seminarın həyata keçirilməsinə müvəffəq olundu.
ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun moderatorluğu ilə Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diaqo Dövlət Universitetinin Gürcüstan bölümünün, Şimali Kıprıs Türk Cümhuriyyətinin Girne Amerikan Universitetinin, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının qatıldığı seminarda Azərbaycan və dünya təhsilinə töhfələr verəcək mükəmməl məruzələr oldu.
Beynəlxalq seminarı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bu fikirləri söylədi: COVID-19 pandemiyası bütün dünyada olduğu kimi ölkəmizdə də təhsilə qarşı, eləcə də onlayn təhsilə olan baxış və münasibəti köklü surətdə dəyişdi. Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə online təlim vasitələrinin uğurlu vəhdəti hesabına mümkündür. Məsafədən təhsilin uğurlu həlli üçün 3 mühüm məsələni həll etmək lazımdır: Əlçatanlıq - öyrənən və öyrədənin internetə sərbəst çıxışı; Kompetensiya - İKT-dən istifadə bacarığı; Motivasiya- resurslardan istifadə etmək cəhdi və arzusu. Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri əsas götürərək elektron tədris texnologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, onun funksiya və metodikasını bilməlidir. Online təlim internet üzərindən həyata keçirildiyi üçün bu müəllim və tələbənin interaktiv əlaqəsidir. Ona görə virtual təhsil mühitini və qarşılıqlı əlaqəni qurmaq üçün müəllim Elektron təlimin əsaslarını mükəmməl surətdə mənimsəməlidir.
Professor xüsusi olaraq vurğuladı ki, elektron təhsilin metodoloji təhlili əsas tədqiqat sahəsinə çevrilməlidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu məsələlərin üzərində çalışdığını, qarşıdakı yeni tədris ili üçün elektron təhsilin pedaqoji yanaşmasına dair öz tövsiyələrini təhsil ictimaiyyətinə təqdim etməyi qarşısına məqsəd qoyduğunu vurğuladı.
Ankara Universitetinin dosenti Nevzat Özel: Pandemiya dövründə Ankara Universitetində də 20 min tələbənin onlayn təhsilə keçməsi bir anda baş vermədi. Biz bir həftə ərzində anket və test sorğuları ilə tələbələrlə onlayn təhsil haqqında müfəssəl məlumatları araşdırıb uyğun metodlar tərtib etdik. Biz 80%-dən artıq tələbənin bu sahədə müsbət rəyini nəzərə alıb virtual siniflər yaradıb məsafədən təhsilə başladıq. Hədəfimiz beynəlxalq səviyyədə distant təhsil və onlayn təlimlər sahəsində uğurlar qazanmaqdır. Belə ki, dünyanın aparıcı ölkələrinin pedaqoji təcrübələrindən bəhrələnmək, o cümlədən də qardaş Azərbaycan universitetləri ilə ortaq məsafədən təhsil proqramlarına qatılmaqdır. Məruzəçi Ankara Universitetində tətbiq etdikləri onlayn imtahan prosesinin üsullarını paylaşaraq qardaş dövlətlərin təhsil sahəsində əlaqələrinin əhəmiyyətindən danışdı.
Rostok Universitetinin dosenti Cavid Səfərov: Almaniya universitetlərində onlayn təhsil çoxdandır ki, fəaliyyət göstərir. Burda tələbələrin dərslərdə iştirakı sərbəst qrafiklərdə keçirilir. Xüsusilə laboratoriya dərslərinin onlayn qaydada keçirilməsi üsullarını paylaşması digər iştirakçılar tərəfindən müsbət qarşılandı. Eləcə də, kurs işləri, imtahanlar, diplom və elmi müdafiələrin onlayn keçirilmə qaydaları haqqında məlumatlar faydalı idi.
Amerikanın San Dieqo Dövlət Universitetinin professoru Halil Güven: Universitetlərində tələbələr üçün paralel onlayn olaraq ali məktəbin dərslərinə də qoşulmaq imkanlarının yaradıldığını, universitetdə virtual təlimin inkişaf xidmətləri adlı proqram tərtib olunduğunu, tələbələrlə inkişaf xidməti arasındakı kommunikasiyanın tələbənin istəyindən asılı olaraq müxtəlif proqramlar üzərindən həyata keçirildiyini bildirdi. Professor Zoom proqramı ilə keçirdikləri imtahanların texnologiyasını izah etdi. Professor universitetlərin təcrübəli müəllimlərinin Azərbaycan müəllimlərinə onlayn təhsilin təşkili, imtahanların keçirilməsi ilə bağlı təşkilati məsələlərdə yardım etmək məqsədilə seminarlar keçirməkdən məmmun olacaqlarını dedi.
Daha sonra Ankara Universitetindən dosenti Salih Demir, Qazi Universitetindən dosent Salih Şahin, dosent Çələbi Uliyol, dosent Leyla Ercan, Kıprıs Girne-Amerikan Universitetindən Orxan Həsənoğlu, AzTU-nun prorektoru professor İlham Pirməmmədov, dosenti Zəkay Şayev, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru dosent Çapay Quliyev onlayn təhsil sahəsində görülmüş işlərdən və onlayn təhsilin perspektiv imkanlarından danışaraq mövcud təcrübələr əsasında faktlarla çıxış etdilər.
Əminliklə söyləmək olar ki, qlobal təhsilalma forması olan onlayn təhsilin inkişafının birnci mərhələsi uğurla həyata keçmişdir. Pandemiyanın bizə verdiyi mesaj bu oldu ki, biz distant - məsafədən təhsili düzgün dəyərləndirib onun inkişaf etdirilməsinə nail olmalıyıq. Biz təmaslı təhsilin əhəmiyyətini azaltmayaraq ənənəvi təhsili də, distant təhsili də bir-birinə alternativ və yanaşı təhsil formaları kimi tətbiq etməliyik.
Bütün bu qeyd edilən təcrübələrimiz onu deməyə imkan verir ki, ADPU-nun Quba filialı olaraq hər zaman Azərbaycan təhsilinin inkişafı yönündə davamlı olaraq yorulmadan, əzmlə çalışacağıq.
Yusif ALIYEV,
ADPU-nun Quba filialının direktoru, dosent