Naxçıvan Müəllimlər İnstitutu (NMİ) və Naxçıvan Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov muxtar respublikada tələbə-gənclərin inkişafı üçün yaradılan şəraitdən və həyata keçirilən tədbirlərdən danışıb. Hami təşkilatla birlikdə keçirilən bu seminarın görülmüş tədbirlərin məntiqi davamı olduğunu vurğulayan rektor seminarın Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri üçün böyük əhəmiyyət daşıdığını və institutun Naxçıvan Rəssamlar Birliyi ilə birgə əməkdaşlığının bu ixtisasda oxuyan tələbələr üçün geniş imkanlar açdığını qeyd edib.
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva NMİ ilə birgə əməkdaşlıq çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisasında oxuyan tələbələrin aktiv fəaliyyətindən, istedadlı tələbələrin sərgilərinin təşkilindən, ustad dərslərin keçirilməsindən, Gənc Rəssamlar Birliyinin yaradılmasında NMİ-nin rəssam tələbələrinin rolundan ətraflı bəhs edib. Hami təşkilat olaraq tələbələrin peşəkarlığının artırılmasında hər zaman olduğu kimi , bundan sonra da böyük maraq və həvəslə çalışacaqlarını vurğulayıb.
Onlayn seminar Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin sualları ilə diskussiya şəraitində davam edib.