Gündoğar ölkədən humanitar yardım kimi toplanan 1500 nüsxə kitab Azərbaycana gətirilib


Mayın 15-də Azərbaycan Dillər Universitetində yaradılmış “KUROSAKA adına kitabxananın 10 000 ədəd kitabla təmin edilməsi” layihəsi çərçivəsində yaponiyalıların humanitar yardım kimi topladıqları 1500 nüsxə kitab Yaponiyadan Azərbaycana gətirilib. Bir müddət öncə Yaponiyanın Kanaqava Universitetindən və digər yaponiyalı həmkarlardan 1000-dən çox kitab hədiyyə olunub.

 

Hazırda KUROSAKA kitabxanasında yapon dilində müxtəlif sahələr (təhsil, ədəbiyyat, tarix, biznes, iqtisadiyyat, manqa və s.) üzrə  2500-dən çox kitab var. Kitabxanada yaradılan şərait sayəsində Yaponiya və yapon dilinə maraq göstərən hər bir Azərbaycan vətəndaşı bu kitablardan yararlana bilər.

 

ADU-nun Yaponiya Araşdırmalar Mərkəzindən bildirilib ki, layihənin rəhbəri Kurosaka Munehisa, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Nazirlər Kabinetinin nümayəndələrinin əməyi nəticəsində əldə olunan bu kitablar Azərbaycan üçün çox qiymətli hədiyyədir və Azərbaycan-Yaponiya arasındakı dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək.