İmişli rayon Qaralar kənd tam orta məktəbində riyaziyyat və fizika fənləri üzrə 9-11 sinif şagirdləri arasında növbəti bilik yarışı keçirilib. Yarış məktəbin riyaziyyat müəllimi Nuray Məmmədova və fizika müəllimi İlahə Əliyevanın təşkilatçılığı ilə baş tutub.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyevin verdiyi məlumata görə, bilik yarışı şagirdlər arasında əməkdaşlığı inkişaf etdirmək, onların dəqiq elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaq məqsədilə keçirilib.
Yarışda “Kvant”, “Matris”, “Ehtimal”, “Paskal” komandaları iştirak ediblər. Şagirdlərə ümumilikdə 20 sual təqdim olunub.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 18 suala düzgün cavab verməklə “Kvant” komandası qalib olub.
Məktəbin direktoru Bikə Məmmədova şagirdləri və müəllimləri yarış münasibətilə təbrik edərək, qalib komandanın üzvlərinə fəxri diplom təqdim edib.
Şakir CƏFƏROV