Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyevanın verdiyi məlumata görə, məktəbin tarix müəllimi Sevda Əliyeva bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix ölkəmizdə "Respublika günü" kimi təntənə ilə qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Tədbirdə şagirdlərin ifasında müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şeir söylənib və mahnı oxunub.
Şakir CƏFƏROV