Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsində “Onlayn stomatoloji simulyasiyalar” keçirilib.

 

Universitetin stomatologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru, həkim-stomatoloq Rauf Cəfərov və həkim-stomatoloq Zaur Hüseynovun rəhbərliyi ilə həyata keçirilən simulyasiyalar  Stomatologiya ixtisası üzrə III kurs tələbələri Aygün Yusifova, Səmidə Şabanova,  Kübarə Məmmədovanın iştirakı ilə təqdim olunub.

 

Tədbir ndu.edu.az instaqram səhifəsi üzərindən canlı yayımlanıb. Fakültənin dekanı, dosent Elsevər Əsədov tədbirin elmi və təcrübi əhəmiyyətindən danışıb. Qeyd edilib ki, tibb fakültəsində stomatoloji kadrların yetişdirilməsi üçün qurulan avadanlıqlar onların təcrübi dərslərində olduqca faydalıdır.

     

Tələbələr məşğələlərdə yonulmuş dişlər üzərində qapaqların hazırlanmasının kliniki mərhələlərini nümayiş etdirib. Metal keramika qapaqlar hazırlanan dişlərin yonulma mərhələləri, vasitələri, əsas və köməkçi ölçülərin alınma metodları, ölçü materiallarının üstün və çatışmayan cəhətləri izah olunub və bunlar diş simulyatorları (Fantom) üzərində əyani surətdə nümayiş etdirilib.

 

Tədbirdə karies və onu profilaktikası, qarşısının alınma yolları, diş kanallarının açılması, doldurulması, irriqasiyası, kanalların endodontik yolla işlənməsi qaydaları təqdim edilib.

 

Təcrübə izləyicilər tərəfindən maraqla qarşılanıb.