Mingəçevir Dövlət Universitetində (MDU) “Sığorta və onun insanların sosial müdafiəsində rolu” mövzusunda təlim keçirilib.
Online formatda keçirilən tədbirdə MDU-nun rektoru Şahin Bayramov ölkə başçısı tərəfindən Azərbaycanda sığortanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Sığortanı milli iqtisadiyyatın davamlı inkişafına ciddi təsir edən aparıcı maliyyə alətlərindən biri kimi dəyərləndirən rektor sığorta sahəsində maarifləndirmə işinin aparılmasında MDU-nun da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Ş.Bayramov tələbə və əməkdaşların iştirakı ilə sığorta mövzusunda analoji təlim və seminarların MDU-nun müvafiq Tədbirlər Planı çərçivəsində davamlı şəkildə keçiriləcəyini bildirib.
Tədbirdə əsas təlimçi qismində Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov iştirak edib. N.Səfərov sığortanın mahiyyəti və məzmunu, yaranması tarixi, Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti rolu və digər məsələlər barədə ətraflı məlumat verib.
Təlimin sonunda MDU tələbələri və əməkdaşlarının sığorta ilə bağlı çoxsaylı sualları cavablandırılıb.