Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzi və Beynəlxalq  Türk Mədəniyyəti və İrsi  Fondunun birgə əməkdaşlığı ilə təşkil olunan  məktəblilər üçün muzey həftəsi başa çatıb.

 

"Türk Dünyası Muzeylərinin həftəsi” proqramının məqsədi COVID-19 pandemiyası ilə əlaqədar  ölkələrdə tətbiq olunan  karantin rejimində məktəbliləri Türk dünyası ilə tanış etmək, gəncləri türkdilli  ölkələrin  tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməyə cəlb etmək idi.

 

Muzeylər həftəsinin onlayn platformada keçirilən bağlanış mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihəyə qatılan türkdilli ölkələrin muzey rəhbərləri, eləcə də çox sayda məktəblilər iştirak ediblər.

 

G.Əfəndiyeva bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib.

 

F. Sultan-zadə layihə müddətində Türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayaraq, bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

 

Sonra muzeylər haqqında videoçarx göstərilib, türk dövlətlərinin tarixi və mədəniyyəti ilə bağlı  müsabiqə də keçirilib. Ən fəal iştirakçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri təqdim edilib.