2020-ci ilin 22 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

Rektor 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə baglı bəzi tədbirlər barədə” 18 may 2020-ci il tarixli 179 nömrəli Qərarının və həmin Qərarın icrasına dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq təlimat məktubunun detalları barədə danışıb.

 

İclasda 2019/2020-ci tədris ilinin yaz semestrində bаkаlаvriat və magistratura səviyyələrində dərslərin əyani şöbədə may ayının 31-dək başa çatdırılacağı, bakalavriat (əyani və qiyabi) və magistratura səviyyələrində yaz imtahan sessiyasının 2020-ci il iyun ayının 8-də başlayacağı bildirilib.

 

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş və təhsil haqqını tam ödəmiş tələbələrin təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqları bildirilib. Qeyd olunub ki, təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr ixtisas üzrə buraxılış yekun dövlət imtahanını (fənlərarası) online şəkildə şifahi verəcəklər.

 

Eyni zamanda, pedaqoji və istehsalat təcrübəsi üzrə yekun qiymətin də tələbələrin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun götürüləcəyi vurğulanıb.

 

Magistrlik dissertasiyasının ixtisaslaşdırılmış şuraların online iclaslarında müdafiə ediləcəyi bildirilib.

 

Bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbələrin fənlər üzrə attestasiyasının (biliyinin qiymətləndirilməsi) online şəkildə şifahi formada çoxballı (100 ballı) sistemlə həyata keçiriləcəyi, tələbənin aralıq qiymətləndirilməsinin hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında reallaşdırılacağı və cari qiymətləndirilmənin aralıq qiymətləndirilmənin nəticəsinə bərabər götürüləcəyi qeyd edilib.

 

İmtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün (avqust-sentyabr aylarında) növbəti semestr başlayana qədər ödənişsiz əsaslarla təkrar online imtahanların təşkil olunacağı bildirilib.

 

Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısının sentyabr ayının 15-dək müəyyən ediləcəyi, yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələrin də ÜOMG və təqaüd yerlərinin saylarına uyğun olaraq növbəti semestrdə təqaüd almaq hüququ əldə edəcəyi diqqətə çatdırılıb.

 

Fənnin məzmununu tam əhatə etmək şərtilə, tələbələrə imtahan verəcəkləri hər fənn üzrə 50 sualın təqdim olunacağı bildirilib.

 

İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə İmtahan Qərаrgаhının və “Qaynar xətt”in yaradıldığı diqqətə çatdırılıb.

 

Sessiya müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən göndərilmiş koronavirus infeksiyasının (COVİD-19) proflaktikasına dair metodiki göstərişlərin tələbələrinə riayət olunmasının vacibliyi vurğulanıb.

 

İclasda 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə bağlı Tədris şöbəsinə, fakultə dekanlarına, kafedra müdirlərinə, kitabxanaya, İnformasiya Texnologiyaları Mərkəzinə və digər struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

İclasın gündəliyində olan məsələ ilə bağlı ətraflı müzakirələr aparılıb və 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

 

Sonda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq razılıq məktubu da nəzərə alınmaqla MDU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsinə dair qərar qəbul olunub.

 

İclasda cari məsələlərə də baxılıb.