Naxçıvan Dövlət Universitetində (NDU ) yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tədris korpuslarının istifadəyə verilməsi peşəkar kadrların hazırlanmasına öz müsbət töhfəsini verməkdədir. Aparılan quruculuq işlərinin nəticəsində hər bir fakültə ən son texnoloji avadanlıqlarla və tədris korpusu ilə təmin edilib. Yaradılan bu imkanların nəticəsində tələbə qəbulu üzrə plan yerlərinə olan maraq ilbəil artıb, yüksək ballı tələbələrin məhz universiteti seçim imkanları genişlənib. Xarici tələbələrin artım dinamikasında əldə edilən yüksək səviyyə təhsil ocağının beynəlxalq əlaqələrinin düzgün və sistemli idarəedilməsi nəticəsində mümkün olub.
NDU-dan bildirilib ki, universitetin növbəti uğuru tədrisi xarici dillərdə olan ixtisasların açılmasıyla bağlıdır. Ali təhsil ocağının mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir. Universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə olan ixtisasların fəaliyyətə başlamasını zəruri edir.
2020-2021-ci tədris ilində İqtisadiyyat ixtisası üzrə ingilis dilində tədrisin aparılması nəzərdə tutulub.
Universitetdə yeni yaradılmış iqtisadiyyat və idarəetmə fakültəsinin bazasında formalaşan və tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisasında artıq tədris planları təsdiq edilib, fənlər ingilisdilli müəllimlər arasında bölüşdürülüb. Dərs bölgüləri mövcud müəllim potensilalı ilə bərabər xaricdə yüksək təhsil almış məzunlar hesabına təmin edilib. Fakültənin nəzdində yaradılan müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib.
Müəllim və tələbələrin akademik mobillik proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlığı əsas prioritet kimi müəyyənləşdirilib.
NDU-dan deyilib ki, ali təhsil ocağının mövcud imkanları gələcəkdə bu ixtisasların sayının artırılmasına tam zəmanət verir. Universitet məzunlarının karyera imkanlarının dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.