Ali məktəb beynəlxalq əlaqələrini daha geniş sferada həyata keçirəcək


Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq əlaqələrini bundan sonra daha geniş sferada həyata keçirə biləcək. Belə ki, universitet Elmi Şurasının qərarı ilə beynəlxalq əlaqələr şöbəsi və xarici tələbələr üzrə dekanlığın bazasında yeni struktur - Beynəlxalq Əlaqələr Departamenti yaradılıb. 

 

Yeni qurum müasir ali təhsil prinsiplərinə və təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə 3 şöbədən – xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, əcnəbi tələbələrin təhsili və layihələr və mübadilə proqramları şöbələrindən ibarət olan departamentin əsas missiyası AzTU-nu brend universitetə çevirməkdir. Depatament, habelə, universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmağı, yüksək keyfiyyətli təhsil verilməsini təmin etməyi, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılmasını qarşısına məqsəd kimi qoyub.

 

Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıqlara cəlbi, beynəlxalq əməkdaşlıqlar proqramlarının formalaşdırılması, tələbələrin xarici ölkələrdə təhsilinin, əməkdaşların isə təcrübəsinin təşkil edilməsi və xarici tələbələrin AzTU-ya cəlb olunması da yeni yaradılan departamentin əsas vəzifələri olaraq müəyyən edilib.

 

Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı, yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.

 

Qeyd edək ki, Azərbaycanın sürətli olaraq sənayeləşməsi texniki ali təhsil müəssisələri qarşısında böyük vəzifələr qoyub ki, bunlar da ilk növbədə ali təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki bazası ilə paralel olaraq beynəlxalq əlaqələrini gücləndirməkdən ibarətdir.

 

Departamentin komanda fəaliyyəti artıq özünü göstərməkdədir. Belə ki, yaxın bir ay ərzində Türkiyənin, Qərbi Avropanın və Çinin bir neçə nüfuzlu universiteti ilə əməkdaşlığa nail olunub və xarici texnoparklarla mümkün əməkdaşlıqlar müzakirə edilir. Bununla yanaşı yeni sənaye və təhsil çağırışlarına cavab verə biləcək yerli təşkilatlarla da müzakirələrə başlanılıb.