3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi hədəfini reallığa çevirir


Dünya  miqyasında korifey sənətkarlar kimi tanınan  elm, mədəniyyət və incəsənət xadimlərinin, eləcə də  yaradıcılıq  potensialı olan,  misilsiz uğurlara imza atan gənclərimizin tərcümeyi-hallarını  öyrənəndə, onların hələ erkən yaşlarda olarkən təlim-tərbiyə müəssisələrində müəllimləri, tərbiyəçiləri tərəfindən dərnək və qruplarda, idman zallarında istedad və bacarıqları üzə çıxarılır və zaman-zaman inkişaf etdirilir. Oxuculara təqdim etmək istədiyim yaradıcılıq məkanında bu gün də  gələcəyin tanınmışları ola biləcək istedadlı uşaq və yeniyetmələr tərbiyə olunmaqda və yetişməkdədir.

 

Belə ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 45 ildir ki, böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Mərkəzdə uşaqların dünyagörüşlərinin formalaşdırılması, istedad və qabiliyyətlərinin üzə çıxarılması və inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq  müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Onlar dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqə və sərgilərə, festivallara qatılır, böyük uğurlar qazanaraq qızıl, gümüş, bürünc medallar və diplomlar qazanırlar. Mərkəzin tədris işləri üzrə direktor müavini Kəmalə Əncümənurun verdiyi məlumatda ötən müddət ərzində görülən işlərdən, qazanılan uğurlardan söz açılır.

 

Direkror müavini bildirib ki, ilin müxtəlif aylarında mərkəzin dərnək üzvləri həm mərkəzdaxili, həm də rayon, şəhər, respublika və beynəlxalq səviyyəli 122 tədbirdə iştirak ediblər.

 

Mərkəzin daxilində 40 tədbir həyata keçirilib. Məlum olduğu kimi, ölkə başçısı  İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il respublikamızda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar “Nəsimi ili” elan edilib. Mərkəzin həm Nizami, həm də Nəsimi rayonunun  bazalarında məktəblilər arasında  şairin yubileyi ilə bağlı “Həqq mənəm, həqq məndədir, həqq söylərəm” adlı bədii qiraət müsabiqəsi, “Günəşə bənzər şair” adlı ədəbi-musiqili gecə, İmadəddin Nəsiminin heykəli qarşısında “Nəqşi-cahan” adlı xalça festivalı və şahmat turniri keçirilib.

 

“Nağıldan nağıla”

 

Bundan əlavə, mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının 22 yaşı tamam olması münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən dərnəyin “Nağıldan nağıla” adlı tədbirində uşaqlar Azərbaycan və dünya uşaq nağıllarından parçalar, rəqslər, mahnılar, pantomim kompozisiyalar və geyim kolleksiyaları ilə maraqlı çıxışlar təqdim ediblər. Samirə Musaimin rəhbərlik etdiyi “Milli rəqs” dərnəyinin S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən “Bizim rəqs dünyamız” adlı konsertində müxtəlif qrupların ifasında milli, müasir rəqslər, cizgi qəhrəmanlarının rəqsləri, süjetli rəqslər və dünya xalqlarının rəqsləri nümayiş   olunub.

 

“İdman, sağlamlıq, dostluq, birlik”

 

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Mərkəzin birgə təşkilatçılığı ilə Bakı şəhərinin məktəbliləri arasında  ötən ilin yayında keçirilən  “İdman, sağlamlıq, dostluq, birlik” adlı rəsm müsabiqəsi  də  Avropa Gənclərinin Olimpiya Festivalına həsr edilib. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Bizim rəqs aləmimiz” adlı konsertdə isə mərkəzin 4 müəllimi - Məryəm Quliyeva, Fərid Əliyev, Samirə Musaimin və Orxan Səfərlinin rəhbərlik etdikləri rəqs dərnəklərinin hazırladığı müxtəlif süjetli rəqslər maraqla qarşılanıb. “Milli rəqs” dərnəyinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Dostluq çələngi” adlı hesabat konsertində Lalə müəllimin qrupları da rəngarəng rəqs  nömrələri nümayiş etdiriblər.

 

“Danışan gəlincik” 

 

Mərkəzin müəllimi Xanım İsmayılovanın rəhbərlik etdiyi “Gənc aktyorlar” dərnəyinin üzvləri Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan A.Şaiqin uşaqlar üçün yazdığı “Danışan gəlincik” əsərini tamaşaya qoyublar. Mərkəzin “Dekorativ rəsm” dərnəyinin “Tullantıdan sənətə” adlı ekoloji mövzuda sərgisi təşkil olunub. Aytən Bəylərzadənin yetirmələrinin 50-yə yaxın işi sərgidə nümayiş etdirilib. Həmçinin, tədbirdə uşaqların tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyası da “Çiçəyim” uşaq teatrının uşaqları tərəfindən nümayiş olunub. Mərkəzin təşəbbüsü ilə Uşaq Bərpa Mərkəzində “Əlini mənə ver, dostum” adlı layihə də həyata keçirilib. “Azəri inciləri” mahnı və rəqs kollektivi, “Çiçəyim” uşaq teatrının istedadlı aktyorları  öz mahnı və rəqsləri, maraqlı səhnəcikləri ilə Uşaq Bərpa Mərkəzində müalicə olunan uşaqları sevindiriblər.

 

Müəllimlərin ustad dərsləri

 

“Buta” dizayn studiyasının rəhbəri Könül Orucova, “Palitra” rəsm studiyasının rəhbəri Nərmin Abdullayeva, “Gənc dizayner” dərnəyinin rəhbəri Rəna Kərimova həm müəllimlər, həm də uşaqlar üçün rəsm və əl işləri, rəqs dərnəyinin rəhbəri Samirə Musaim rəqs, Təranə Hacıyeva isə kompüter üzrə bölgələrdə “ustad dərsləri” keçiblər.

 

Mərkəzin cütlüyü I yerə layiq görülüb

 

Məryəm Quliyevanın rəhbərlik etdiyi “Bal rəqsləri” dərnəyinin “Aypara Dans Sport Club”un təşkil etdiyi “Gözəllik və zəriflik” müsabiqəsində mərkəzin 2 cütlüyü Raul Əliyev və Darya Kşnyakina, Vasiliy Lebedev  və Sofiya Şevçenko  I yerə layiq görülüb.

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 21 May - Ümumdünya Mədəni Müxtəliflik Günü münasibəti ilə “Nağılların rəng dünyası” adlı tədbirdə “Çiçəyim” uşaq teatrının gənc aktyorları nağıl qəhrəmanlarının obrazlarını məharətlə canlandırıblar.  “Azəri inciləri” rəqs kollektivinin uşaqları dünya xalqlarının rəqslərini nümayiş etdiriblər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq Festivalında mərkəzin “Robot texnologiyaları” və “K-First” dərnəyinin interaktiv əyləncəli proqramları iştirakçıların diqqətini cəlb edib. Quba rayonunda keçirilən “Alovlu Qafqaz” adlı Uşaq və Gənclərin III Folklor Rəqs və Yaradıcılıq Festivalında mərkəzin “Azəri inciləri” rəqs kollektivinin çıxışı tamaşaçılarda xoş ovqat yaradıb. Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsində rəsm və əl işləri dərnəklərinin üzvləri uğurla iştirak ediblər. Belə ki, əl işləri üzrə Könül müəllimin  yetirmələri Ülvi Əsədli və Ənvər Əhmədzadə I, rəsm nomimasiyası üzrə Nərmin Abdullayevanın  yetirmələri Ayaz Nəcəfli II, Fuad Anzurov III yerlərə layiq görülüblər. Mərkəz hər il olduğu kimi, 21 ölkənin beynəlxalq tədbirlərində  festival və bayramlarda, rəsm müsabiqələrində  uğurlar qazanıb.

 

Mərkəz “Dostluğun sehri” adlı beynəlxalq rəsm müsabiqəsini təşkil edib. 2019-cu ilin fevral ayında III “Dostluğun sehri” rəsm müsabiqəsinə yekun vurulub. “Mənim arzularım” mövzusunda keçirilən müsabiqəyə isə dünyanın 22 ölkəsindən 222 müəssisənin 6-15 yaşında olan  uşaqları qatılıb, 2000-dən çox rəsm işi  bu müsabiqəyə   təqdim olunub.

 

Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən 657 rəsm işi seçilib, bunlardan 187 iş 3 yaş kateqoriyası üzrə qaliblər sırasına daxil olub. Şri Lankalı 6 yaşlı qız isə müsabiqənin ən yüksək mükafatına - “Qran-pri” mükafatına layiq görülüb. “Testene Art Baku” III Beynəlxalq İncəsənət festivalı müsabiqəsində mərkəzin bal rəqsləri qrupunun üzvləri müsabiqədə birinci olublar. Türkiyədə keçirilən 23 Nisan Beynəlxalq Uşaq Festivalında isə mərkəzin “Çiçəyim” uşaq teatrının üzvləri və rəqs kollektivi  uğurla çıxış edərək ödül, diplom və hədiyyələr qazanıblar.

 

Rəqs qrupu beynəlxalq festivalda

 

Sevindirici haldır ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Şattuk” adlı Gənc istedadların XI Beynəlxalq Festivalında da mərkəzin rəqs qrupu iştirak edib. Mərkəzin direktoru Lalə Qəti festivalda münsiflər heyətinin fəxri üzvü seçilib. “Azəri inciləri” rəqs qrupu festivalda I yerə layiq görülüb, həm kollektiv, həm də qrupun rəhbəri Samirə Musaim xüsusi diplomla mükafatlandırılıblar. “Gənc səyahətçilər” dərnəyinin  19 üzvü İsveçrənin Kradenas vilayətində keçirilən Skaut düşərgəsində olub.

 

Beynəlxalq müsabiqələrdən Vətənə qələbə ilə

 

Mərkəzin istedadlı uşaqları Minsk şəhərində keçirilən “Sərhədsiz yaradıcılıq” V Beynəlxalq festival-müsabiqəsində iştirak ediblər. “Xoreoqrafiya” nominasiyası üzrə Samirə Musaimin  hazırladığı “Mənim Azərbaycanım” adlı  rəqsi I yerə layiq görülüb. “Vokal” nominasiyası üzrə Gülnarə Qurbanovanın yetirməsi  Əli Zeynallı  isə II yeri tutub.  Mərkəz II beynəlxalq festivala qatılıb. Moskvada keçirilən “İstoki” IX Beynəlxalq festival-müsabiqədə 3 gənc vokalçı Murad, Musa, Anastasiya və Darya Kşnyakinalar iştirak edib. Festivalın diplom və medallarını qazanıblar. Gülnarə Qurbanovanın yetirməsi 7 yaşlı gənc vokalçımız Murad, Musa I dərəcəli diplomant adına layiq görülüb. Kşnyakina bacıları Bolqarıstanda, Murad isə Qırğızıstanda keçiriləcək vokal müsabiqəsinə dəvət alıblar. Murad Fransadan gələn münsiflər heyətinin üzvü tərəfindən xüsusi diploma layiq görülüb. Haaqa şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə  Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin dəstəyi ilə “Bir olaq, birlik olaq” adlı layihədə “Azəri inciləri” rəqs qrupu iştirak edərək Azərbaycan mədəniyyətini və incəsənətini nümayiş etdiriblər.

 

Gənc rəssamlar 7 ölkədə

 

2019-cu ildə mərkəzin gənc rəssamları 11 ölkədə keçirilən müsabiqə, baxış və sərgilərə   qatılaraq uğura sahib olublar.   Belə ki,  7 ölkədə - Misir, Rusiya (Moskva şəhəri və Mordoviya Respublikası), Yaponiya, Polşa, Çexiya, Bolqarıstan və Rumıniyada keçirilən rəsm müsabiqələrində rəsm dərnəyinin üzvləri istedad və bacarıqlarını nümayiş etdirərək 4 qızıl, 6 gümüş medal, 51 diplom və 17 sertifikat  qazanıblar.  Mərkəz dəfələrlə  beynəlxalq müsabiqələrdə  fəal iştirak etdiyinə görə xüsusi diplomlara layiq görülüb. 

 

Əlbəttə, bütün bu uğurların qazanılmasında mərkəzdə - təlim-tərbiyə ocağında yaradılan işgüzar mühit, uşaq və yeniyetmələrə, müəllimlərə və tərbiyəçilərə aşılanan  diqqət və məhəbbət dayanır.

 

Sifai SƏFƏROVA