170 idmançı qalibiyyət uğrunda mübarizə aparıb
Bu günlərdə Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş taekvando üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov idmançıları salamlayaraq Prezident İlham Əliyevin idmançılara diqqət və qayğısından danışıb. Bildirib ki, bu yarışın keçirilməsində əsas məqsəd rayonda taekvandonu inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək , uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaqdır.
Tədbirdə yarışın baş hakimi Ədalət Ağayev turnirin təşkilində zəhməti olan insanlara minnətdarlığını bildirib. Sonra 11 çəki dərəcəsində 170 nəfərə yaxın uşaq və yeniyetmənin iştrakı ilə keçirilən yarışa start verilib. İki gün davam edən yarışda Masallı rayonunun komandası I, Lənkəran II, Bakı şəhərinin komandası isə III yerə layiq görülüb.
Sonda qalib idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
Rəşad ZİYADOV