Naxçıvan Dövlət Universitetinin (NDU) fakültə və kafedralarında struktur dəyişikliyi ilə əlaqədar onlayn müşavirə keçirilib.
Ali təhsil ocağının mövcud imkanlarını dəyərləndirən universitetin rektoru Elbrus İsayev bildirib ki, yaradılan müasir tədris şəraiti, hər fakültənin ayrıca tədris binasında fəaliyyət göstərməsi müvafiq ixtisasların tədrisini günün tələbləri səviyyəsində qurmaq imkanı yaradır. Universitetə tələbə qəbulunun ilbəil artan dinamikası, yeni ixtisasların açılması fakültə və kafedraların yenidən formalaşdırılması zərurətini meydana çıxarır.
Vurğulanıb ki, əvvəlcədən aparılan bölgüyə əsasən bəzi uyğun olmayan kafedralar formalaşdırılıb, bu da dərs bölgülərinin aparılmasına və tədrisin təşkilinə müəyyən çətinlik yaradıb. Diqqətə çatdırılıb ki, elm sahələrinə və fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsinə hesablanmış struktur dəyişikliyi professor-müəllim heyətinin ixtisaslarına uyğun komplektləşdirilməsinə imkan yaradacaq. Qəbul edilən qərara əsasən, beynəlxalq münasibətlər və xarici dillər, sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə- beynəxalq münasibətlər və hüquq, xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi isə ləğv edilərək, iqtisadiyyat və idarəetmə fakültəsi yaradılıb.
Beynəlxalq münasibətlər və hüquq fakültəsi özündə hüquq fənləri, fəlsəfə və sosial iş, beynəlxalq münasibətlər, iqtisadiyyat və idarəetmə fakültəsi mühasibat uçotu və maliyyə, dünya iqtisadiyyatı və menecment, bələdiyyə və turizm, xarici dillər fakültəsi isə ingilis dili və metodika, ingilis dili və tərcümə, rus və şərq dilləri, roman- german dilləri kafedralarını formalaşdırıb.
Tibb fakültəsində də ixtisas uyğunluğu nəzərə alınaraq əczaçılıq və biokimya, stomatologiya, ümumi təbabət və kliniki fənlər, təməl tibb fənləri kafedraları yaranıb. Yeni yaradılan kafedralarda professor-müəllim heyəti ixtisas sahələrinə görə formalaşıb.