Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki  32 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, millət vəkili Rasim Musabəyov, KİV nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

“Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət” adlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Abdullayeva xalqımızın öz tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd etdiyini bildirib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qonaqları salamlayaraq, 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını, müasir və müstəqil Azərbaycanın bu Cümhuriyyətin siyasi varisi olduğunu diqqətə çatdırıb. İdarə müdiri belə tədbirlərin şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

 

Milli Qəhraman Məzahir Rüstəmovun atası profesor İzzət Rüstəmov çıxışı zamanı ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inamla irəlilədiyini, regionda və dünyada lider dövlətə çevrildiyini nəzərə çatdırıb.

 

Çıxış edən digər qonaqlar tədbir iştirakçılarını AXC-nin 100 illik yubileyi münasibətilə təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Tədbirdə iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, şagirdlərin ifasında mahnı və şeirlərdən ibarət kompozisiyalar nümayiş etdirilib.

 

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair film də nümayiş olunub.