Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019/2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilib. Konfransa fakültənin professor-müəllim heyəti və TEC –də iştirak edən tələbələr qoşulub.
Fakültənin dekanı Arif Ağalarov TEC-in işləri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud əsasnamənin tələblərinə uyğun olaraq fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verib.
A.Ağalarov ali və orta ixtisas təhsili müəssisələrində könüllülük prinsipi əsasında fəaliyyət göstərən bu qurumun tələbələrin ictimai həyatdakı fəallığı, ali təhsilli kadrların hazırlanması işində keyfiyyətin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə marağının artırılması, perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin sabahın alimlərinin yetişməsindəki rolundan danışıb, gələcəkdə TEC işlərinin yeni innovasiyalara yönəldilməsinin vacibliyini qeyd edib.
Konfransın plenar iclasında üç tələbənin məruzəsi dinlənildikdən sonra konfrans altı bölmə üzrə öz işini davam etdirib. Ümumilikdə, 53 nəfər tələbənin məruzəsi bölmələr üzrə dinlənilib, elmi və tədqiqatçılıq baxımından fərqlənən tələbələrin institut turuna məruzələri göndərilib.