Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  onlayn formatda Məzun-Karyera Sərgisi keçiriləcək.

 

Sərgi iyunun 11-ə nəzərdə tutulub və  bir sıra dövlət qurumları, şirkətlər sərgidə iştirak edəcəklərini artıq təsdiqləyiblər.

 

ADNSU-dan bildirilib ki, Məzun-Karyera Sərgisinin onlayn platforması üzərində iş tamamlanmaq üzrədir. İyunun 11-də təqdimat mərasimi keçirildikdən sonra ADNSU-nun tələbə və məzunları bu platformada şirkətlərin təqdim etdikləri vakant yerlərlə bağlı qeyd olunmuş elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.

 

İyun ayının 25-də isə  sərginin nəticələri elan olunacaq. Bildirilib ki, platforma iyunun 25-dən sonra da aktiv olacaq və şirkətlərin vakant iş yerləri ilə bağlı informasiya yenilənəcək.

 

Qeyd edək ki,  universitetdə  belə sərgilər 4 ildir ki, ənənəvi olaraq ildə iki dəfə keçirilir. Sonuncu, 2019-cu ilin dekabr ayında keçirilən VII Məzun-Karyera Sərgisində 89 dövlət qurumu və özəl şirkət ADNSU-nun tələbə və məzunlarına 629 vakant iş yeri və 321 təcrübə yeri təklif etmişdi.