Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları-biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və aparıcı elmi işçi Samir Quliyev muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi monitorinqlər aparırlar.
Naxçıvan Bölməsindən verilən məlumata görə, Zəngəzur Milli Parkında soyuq dağ ərazisində ötən il quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə dünyaya gəlmiş iki bəbir balası qeydə alınıb. Bu günlərdə əməkdaşlar tərəfindən ərazidə keçirilən monitorinq zamanı həmin bəbir balalarının yeni görüntüsü əldə edilib.
Bildirilib ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyilə muxtar respublika ərazisində quraşdırılan xüsusi qurğularla heyvanların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkilləri, həm də videogörüntüləri əldə edilir.
Qeyd edək ki, Qafqaz bəbiri də bütün dünyada qorunma statusuna malikdir və bu növün çox az sayda fərdləri vardır.