Mayın 21-də təhsil naziri Ceyhun Bayramov Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

 

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.