Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar onlayn "Ustad dərsləri" adlı yeni layihəyə start verilib.
Filialın direktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində millət vəkili, Milli Məclisin Ekologiya və təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanovla tələbə və müəllimlərin görüşü keçirilib.
Onlayn görüşdə Y. Alıyev millət vəkili S. Qurbanova təklifi qəbul etdiyinə görə təşəkkür edib və ona son zamanlar filialda görülən işlər haqqında, eləcə də "Ustad dərsləri" layihəsi barədə məlumat verib. Qeyd edib ki, gənc nəslin təlim-tərbiyəsində, sağlam ideyalar əsasında formalaşmasında Heydər Əliyev irsinin öyrənilməsinə, təhlil edilməsinə böyük ehtiyac var:”Bunun üçün də filial rəhbərliyi onlayn "Ustad dərsləri" layihəsinə start verərək ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə tələbə və gənc əməkdaşların silsilə görüşlərini təşkil etməyi planlaşdırıb”.
Millət vəkili S.Qurbanov "Ulu öndər Heydər Əliyev şəxsiyyətində Vətənə sədaqət prinsipləri" adlı məruzə ilə çıxış edib. O, Ulu öndərin həyat və fəaliyyəti, azərbaycançılıq ideologiyası, qadın, gənclər siyasəti, Heydər Əliyev ideya nəzəri irsinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi istiqamətində düşüncələrini bölüşüb.
Millət vəkili sonda tələbələrin suallarını savablandırıb və belə görüşlərin keçirilməsinin gənc nəslin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətini vurğulayıb.