AMEA İnformasiya Texnologiyaları İnstitutunda Litvanın Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsinin nəzdində fəaliyyət göstərən Data Science və Rəqəmsal Texnologiyalar İnstitutunun departament rəhbəri, professor Valentina Dagiene və İsveçrənin Federal Texnologiya İnstitutunun nümayəndəsi Blanka Ottilia ilə görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, institutun böyük elmi işçisi İsmayıl Sadıqov, eləcə də institutun şöbələrinin rəhbərləri iştirak ediblər.

 

İTİ-dən verilən məlumata görə, tədbiri  AMEA-nın akademik-katibi, institutun direktoru, akademik  Rasim Əliquliyev açaraq beynəlxalq elmi  əlaqələrin qurulması və möhkəmləndirilməsinin institutun prioritet məsələlərindən olduğunu bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söz açıb. İnstitutun AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsilə Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulduğunu söyləyən R.Əliquliyev GEANT Assosiasiyası vasitəsilə ölkəmizin 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

 

V.Dagiene fəaliyyət göstərdiyi Vilnüs Universiteti haqqında məlumat verərək bildirib ki, əsası 1579-cu ildə qoyulmuş universitet Şərqi Avropada ilk ali təhsil məktəbi olub. O, hazırda 23 min tələbənin təhsil aldığı universitetin Data Science və Rəqəmsal Texnologiyalar İnstitutunun informasiya və yüksək texnologiyalar sahəsi üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyini qeyd edərək qurumda statistika və ehtimal, əməliyyatların tədqiqi, koqnitiv hesablama, kiber-sosial sistem mühəndisliyi, qlobal optimallaşma, təhsil sistemləri, blokçeyn texnologiyaları, eləcə də təsvir və siqnal analizi üzrə qruplarının mövcud olduğunu söyləyib.

 

İsveçrənin Federal Texnologiya İnstitutunun nümayəndəsi Blanka Ottilia uzun müddətdir ki, Vilnüs Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin Azərbaycan elmi müəssisələri ilə yaradılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Sonra müzakirələr aparılib, suallar cavablandırılıb. Müzakirələrdə dünya səviyyəsində səmərəli elmi araşdırmaların aparılması və innovativ elmi nəticələrin əldə olunması baxımından bu kimi nüfuzlu elmi qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd olunub.

 

Yusif ƏLİYEV