Monoqrafiya və dərslik muxtar respublikanın yabanı və mədəni bitkilərinə həsr olunub


Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov, Səyyarə İbadullayeva, Mürsəl Seyidov, Gülnarə Şirəliyevanın müəllifi olduqları “Naxçıvan Muxtar Respublikası florasının yabanı tərəvəz bitkiləri”, Hilal Qasımov, Ramiz Ələkbərov, Abbas İsmayılov, Mürsəl Seyidov, Surə Rəhimovanın həmmüəllif olduqları “Mədəni bitkilərin mənşəyi” adlı kitabların təqdimatı keçirilib. Təqdimat mərasimini açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasında meyvə-tərəvəz istehsalının artırılmasını, unudulmaqda və itib getməkdə olan qiymətli, məhsuldar yerli sortların bərpasını, əhalinin fasiləsiz meyvə-tərəvəz məhsulları ilə təmin edilməsi üçün qəbul edilən sərəncam və “Dövlət Proqramları”ndan danışıb. Rektor muxtar respublikada yabanı və mədəni tərəvəz bitkilərinin düzgün istifadəsinin elmi əsaslarının işlənməsində hər iki kitabı yüksək qiymətləndirib və bu istiqamətdə araşdırmalar aparılmasının zəruriliyini qeyd edib.

 

“Naxçıvan Muxtar Respublikası florasının yabanı tərəvəz bitkiləri” monoqrafiyası haqqında çıxışında biologiya üzrə fəlsəfə doktoru, dosent Daşqın Qənbərov indiyədək Naxçıvan MR-nın yabanı tərəvəz bitkilərinin fundamental olaraq öyrənilmədiyindən monoqrafiyanın mühüm elmi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, yabanı tərəvəz bitkilərinin elmi və xalq təbabətində istifadəsi haqqında  araşdırmalar, yerli əhali ilə aparılan anket sorğuları və geniş ədəbiyyat mənbələrindən əldə edilən materiallar əsasında ərsəyə gələn monoqrafiyada  muxtar respublika ərazisində yayılmış yabanı tərəvəz bitkilərinin sistematik icmalı tərtib edilib, bioekoloji xüsusiyyətləri öyrənilib, nadir və məhvolma təhlükəsi qarşısında olan növlər müəyyənləşdirilib.

 

“Mədəni bitkilərin mənşəyi” dərsliyi haqda danışan biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərova qeyd edib ki,  Azərbaycan dilində ilk təşəbbüs olan bu dərslik mədəni bitkilərin botaniki-coğrafi xüsusiyyətləri, nadir növləri, mənşə və yayılması, kimyəvi tərkibi, əhəmiyyəti, sistematikası və s. haqqındakı bilgilərə əsaslanaraq tərtib edilib. Bildirilib ki, dərslik ali təhsilin magistratura səviyyəsi üzrə biologiya və aqronomluq ixtisas qrupları üzrə təhsil alan magistrlər üçün nəzərdə tutulsa da, ondan elmi işçilər, müəllimlər və kənd təsərrüfatı mütəxəssisləri də istifadə edə bilər.

 

mal>