Naxçıvan Dövlət Universiteti tarix-filologiya fakültəsində 18 may-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  açaraq qeyd edib ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətdə nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Dünyanın 150-dək ölkəsində keçirilən  bu bayram Azərbaycanda da geniş  qeyd edilir.

 

“Muzeyşünaslığın inkişaf tarixi” adlı çıxışında “Arxiv işi və muzeyşünaslıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev bildirib ki, Azərbaycanda ilk muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.Vurğulanıb ki,  hazırda ölkəmizdə 200-dən çox,  muxtar respublikada isə 23 muzey fəaliyyət göstərir.

 

Kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikası Əməkdar mədəniyyət işçisi Sübhi Kəngərli “Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır” adlı çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiy ötən əsrin 70-80-cı illəri milli muzey işi tarixinə bu sahənin dinamik inkişafı dövrü kimi daxil olub. Azərbaycan xalqının milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ümummilli lider Heydər Əliyev, hətta Moskvanın təzyiqindən asılı olduğumuz vəziyyətdə belə respublikada muzey şəbəkəsinin genişləndirilməsi, muzeylərin maddi-texniki bazasının gücləndirilməsi məsələsinə daim qayğı göstərib. Azərbaycan mədəniyyətinin nəhəng simaları Ü.Hacıbəyli, H.Cavid, C.Məmmədquluzadə, M.S.Ordubadi, C.Cabbarlı, N.Nərimanov, Bülbül, Niyazi, S.Vurğunun memorial-xatirə, mənzil-muzeylərinin yaradılması məhz Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi olub.

 

“Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə II kurs tələbələri Ziynət Məmmədova, Naxçıvan Dövlət Tarix Muzeyi, Nailə Eylazova Hüseyn Cavidin ev-muzeyi, həmin ixtisas üzrə I kurs tələbələri Nərmin Nuriyeva Cəmşid Naxçıvanski, Nurlan Bağırov isə Bəhruz Kəngərlinin ev-muzeyi haqda çıxışlar ediblər.